Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası 11 oktyabr tarixində Ağcabədi şəhər Üzeyir Hacıbəyov adına Qarabağ Muğam Mərkəzində Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün “44 gün – Tarixi zəfər” adlı üçcildliyin (“A-Ə” hərfləri üzrə) birinci cildinin növbəti təqdimat mərasimini keçirdi. Mərasimdə Ağcabədi, Ağdam və Laçın rayonlarından olan şəhid ailələri iştirak etdilər.
Tədbir boyu şəhid ailələrinin səmimi qarşılanması, onlara “44 gün – Tarixi zəfər” adlı üçcildliyin (“A-Ə” hərfləri üzrə) birinci cildinin təqdim olunması və əslən Ağcabədi rayonundan olan şəhid Ömər Rəhimli, Əmrah Abışov və Vüsal Şükürovun həyatı, keçdiyi döyüş yolundan bəhs edən “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “Vətən daşı... və ya 44 günün dastanı” sənədli filmləri nümayiş olundu.
Məlumat üçün bildirək ki, kitabın birinci cildində min nəfərə yaxın döyüşçü – Aprel döyüşlərində və Tovuz hadisələrində, həmçinin Vətən müharibəsində həlak olmuş şəxslər barədə bioqrafik məlumat verilib (digərlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər görülür).
Bu vaxta qədər Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasında İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar əldə edilərək bir sıra kitablar nəşr edilib. Bütünlükdə bu şəxslərin adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya hazırda da bu istiqamətdə araşdırma işlərini davam etdirməkdədir.
Xatirə kitablarının nəşri həm də ona dəlalət edir ki, «Heç kim unudulmur, heç nə yaddan çıxmır!».
Tədbiri giriş sözü ilə tanımış şair - publisist Rəfael Tağızadə açaraq bildirdi ki, şanlı qələbəmizə görə şəhidlərimizin ruhuna borcluyuq. R.Tağızadə vurğuladı ki, onlar canlarını Vətən yolunda qurban verməklə xalq olaraq bizə qürur yaşadıblar. Xalqımızın əbədi qürur mənbəyi olan şəhidlərimizin xatirəsinin kitablaşdırıldığını deyən R.Tağızadə qeyd etdi ki, bu sahədə Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası fəaliyyətini davam etdirir.
Sonra R.Tağızadə sözü Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya verdi. N.Məmmədova məruzə ilə çıxış etdi və görülən işlər barədə ətraflı məlumat verdi.
Sonra şəhid ailələrinin üzvləri çıxış etdilər və “44 gün – Tarixi zəfər” adlı üçcildliyin nəşrini yüksək qiymətləndirdiklərini bildirdilər.
Tədbirdən hazırladığımız geniş reportajı növbəti sayımızda təqdim edəcəyik.
İradə SARIYEVA Ağcabədi-Bakı