Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu zamanı namizədlər müsahibədən əvvəl psixoloji testə cəlb olunacaqlar. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, işə qəbul üzrə müsabiqə üçün minimum keçid balı 35 müəyyənləşdirilib. Minimum tələbi ödəyən bütün namizədlər müsahibə mərhələsində iştirak edəcəklər. Namizədlər müsahibədən əvvəl psixoloji testə cəlb olunacaqlar.
Danılmaz faktdır ki, son zamanlar təhsil müəssisələri, o cümlədən, bağçalarla bağlı negativ xəbərlər yayılır. Bağçalarda çalışan şəxslərin uşaqlara şiddət göstərməsi dəfələrlə faktlarla sübut olunub. Bu səbəbdən də bağçada çalışmaq istəyən şəxslərin psixoloji müayinədən keçməsi müsbət qarşılanır.
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bildirdi ki, hər bir uşağa münasibətdə psixoloji məqamlar nəzərə alınmalıdır. Mütəmadi olaraq da psixoloji qiymətləndirilmə aparılmalıdır: "Kadr seçimində yaxşı kadr vacib məqamdır. Xüsusən uşaq bağçalarında. Mütəxəssis seçimlərində bu məqamlar diqqətə alınmalıdır. Əgər uşaq çətin tərbiyə olunandırsa, hiperaktivdirsə, onun hər hansı bir narahatlığı varsa, uşaq bağçaya götürülərkən bu məqamlar yoxlanılmalı və bu barədə ailəyə də məlumat verilməlidir. Uşağa kimin təhkim olunacağı da vacib məqamdır".
Həmsöhbətimiz onu da əlavə etdi ki, bağçalarda çalışan hər bir şəxs daha məsuliyyətli olmalı, kadr potensialına xüsusi diqqət ayırmalıdır. İşçiləri işə qəbul edərkən onların psixoloji durumları, bacarıqları mütləq şəkildə nəzərə alınmalıdır. Təsadüfi adamları işə qəbul etmək olmaz: “Təəssüf ki, məktəb və bağçalara işçiləri götürərkən yalnışlıqlara yol verilib. Müstəqillik illərindən sonra cəmiyyətdə çox sayda saxta diplomlu müəllimlərin məktəb və bağçalara doluşub. Bu müəssisələrə işə qəbul əvvəllər biabırçı formada-rüşvətlə, pull, tapşırıqla olub. Bunun nəticəsini isə bu gün görürük. Təlim-tərbiyə, təhsil müəssisələrinə rəhbərlik edən şəxslərin psixoloji durumu yerində olmalıdır. Müəssisələrdə çalışan insanların psixoloji durumu yerində olmalıdır. Bu olmayacaqsa, biz gələcəkdə cəmiyyətə xəstə uşaqlar təqdim etmiş olacağıq. Valideynlər narazı olacaq və uşaqlarını kimə etibar etdikləri barədə şübhəli olacaqlar. Bağçalarda belə müəllimlər nə qədər desən var, iş tək bu müəllimə ilə bitmir. Bağçalarda rəhbər şəxslər arasında kifayət qədər qəddar insanlar var. Onlar uşaqların yeməyinə göz dikir, bu yeməkləri evlərinə daşıyırlar. Biz dəfələrlə bu kimi hadisələrlə qaşrılaşmışıq. Biz məktəbi hər zaman müdafiə etmişik, amma bu gün məktəb rəhbəri olan, ancaq yerində olmayan nə qədər adam var. Bu gün məktəb rəhbərləri var ki, məktəbə layiq deyillər. Bu səbəbdən də müəllim və tərbiyəçilərin işə qəbulu zamanı psixoloji müayinələr önəmlidir”.
Günel CƏLİLOVA