Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus Hindistan istehsallı dərman preparatları ilə bağlı xəbərdarlıq edib. O, bu barədə Britaniyanın “The Guardian” nəşrinə müsahibəsində deyib.
Baş direktorun sözlərinə görə, öskürəyə qarşı Hindistan istehsallı dərman və siroplar kəskin böyrək zədələnməsinə səbəb olur. Bu dərmanlardan istifadənin Afrikanın Qambiya bölgəsində 66 uşağın ölümü ilə nəticələndiyini vurğulayan ÜST rəhbəri söyləyib ki, həmin dərmanların təhlükəsizliyi və keyfiyyətinə dair indiyədək heç bir zəmanət verilməyib. Gebreyesus bununla yanaşı qeyd edib ki, həmin preparatlardan istifadə qarın ağrısı, baş ağrısı və psixi durumun dəyişməsinə səbəb ola, eləcə də ölümlə nəticələnə bilər.
Təəssüf hissi qeyd edək ki, bu gün əczəxanalarda Hindistandan gətirilən dərmanlar satılır. Maraqlıdır, həmin dərmanlar satışdan çıxarılacaqmı?
“Ciddi nəzarət olarsa, keyfiyyətsiz dərmanlar ölkəmizə ayaq aça bilməz”
Həkim ekspert Pərvanə Mustafayeva bildirdi ki, Hindistan istehsalı olan dərmanların keyfiyyət göstəricisi çox aşağıdır: “Məsələn, Türkiyədən alınan eyni adlı dərman xəstəyə yaxşı təsir edir, amma Hindistandan gətirilən analoji dərman isə təsir etmir. Alman apteklərindən alınan dərmanlar da təsir edir, amma yerli apteklərdən alınan Hindistan mənşəli dərmanlar yenə də təsir etmir. Məlumat üçün deyim ki, Almaniyada dərmanların keyfiyyətini yoxlayan ayrıca qurum var. Türkiyədə əczaçılıq zavodunun özünün laboratiyasında dərman vasitələri yoxlanılır. Hətta dərman preparatlarında dərmanın tərkibinə qatılanların tablet üzrə bərabər paylanılması da yoxlanılır”.
Həmsöhbətimizin sözlərinə görə, bu sahəyə xüsusi nəzarət olunmalıdır. Ölkəyə idxal olunan dərman preparatları xüsusi laboratoriyalarda yoxlanılmalı, keyfiyyət problemi olmazsa o zaman əczəxanalara verilməlidir: “Təəssüf ki, bu gün prosesə nəzarət etməli olan qurumlar bu fonda işlərinin öhdəsindən gələ bilmir. Ciddi nəzarət olsa, keyfiyyətsiz dərmanlar ölkəmizə ayaq aça bilməz”.
Günel CƏLİLOVA