İanələrin elektron qaydada ödənilməsi üçün qaydalar hazırlanır. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov media nümayəndələrinə açıqlamasında bildirib.
O deyib ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Prezidentin 11 mart 2022-ci il tarixli Fərmanına əsasən dini qurumların ianə qəbul etməsi məsələsi "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişiklikdə öz əksini tapıb. Qanunun 18-ci maddəsinə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər.
Maraqlıdır, məscidlər, ziyarətgahlar bu ianələri onlayn qəbul etməyə hazırdırmı? Ümumiyyətlə, bu prosesə necə nəzarət olunacaq?
Tural İrfan: “Nəzir məsələsinin onlayn formada ödənilməsinin heç bir problemi yoxdur, əksinə, bu, insanlara rahatlıq bəxş edir”
Ilahiyyatçı Tural İrfan bizimlə söhbətində bildirdi ki, uzun müddət idi ziyarətgahlarda ianələr pərakəndə şəkildə toplanılırdı: “Məlumdur ki, məscid və ziyarətgahlara verilən nəzirlər hesabatsız şəkildə, naməlum istiqamətlərə sərf olunurdu. Bununla bağlı yeni qaydalar tərtib olunur. Ümid edirəm ki, ianələrin elektron şəkildə toplanılması bu sahəyə müsbət təsir edəcək. Çünki Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzarəti ilə məscidlər bu məsələyə xüsusi diqqət yetirəcək. Zamanla bütün məscidlər bu məsələyə hazır olacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, dində ənənəvi nəzir anlayışı yoxdur və Məhəmməd Peyğəmbər dövründən son əsrlərə qədər islam tarixinə nəzər salanda nəzir qutuları, nəzir vermək, məscidlərə nəzir qoymağa rast gəlmirik: “Bu, dində olsaydı Peyğəmbərimiz Mədinə məscidinə, yaxud Kəbədə bir nəzir qutusu qoyardı. Bilirik ki, islamın ilkin mənbəyi oradır. Bu sonradan, başqa dinlərdən keçmiş istismarçı ruhanilərin özlərini dolandırmaq, xalqdan pul soymaq üçün yaratdıqları bir ənənədir. Daha doğrusu, xristianlıqdan keçmədir. Nəzir yığmaqla yanaşı, yas yerlərində mollalıq edərək pul almaq da islamda yoxdur. Əksinə, “Qurani-Kərim”də deyilir ki, Allahın kəlamını dünya malına, puluna satmayın.
Lakin indi nəzir müasir, elmi dildə desək ianə adlanır. Dində isə sədəqə anlayışı var. Eyni zamanda nəzir məsələsi artıq bizim xalqın ənənə və mentalitetinə çevrilib. Hərçənd, dində olmasa da, bunu qadağan etmək də mümkün deyil. İndi bütün pirlərdə nəzir qutularını görmək olar. Amma nəzirlərin onlayn verilməsinə gəldikdə isə, bilirsiniz ki, dünya müasirləşir, artıq getdikcə bütün alış-verişlər, digər əksər məsələlər onlayn kartlar vasitəsilə həyata keçirilir. Nəzir məsələsinin onlayn formada ödənilməsinin heç bir problemi yoxdur. Əksinə, bu, insanlara rahatlıq bəxş edir”.
"Göy" məscid: “Məscidə gələnlər nəzir qutusuna ianə edə bilərlər”
"Göy" məsciddən də bildirildi ki, nəzirlər yalnız nağd qaydada qəbul olunur. Məscidə gələnlər nəzir qutusuna ianə edə bilərlər.
"Bibiheybət" məscidi: “Nəzirlərin onlayn qəbulu hələ ki, mümkün deyil”
"Bibiheybət" məscidindən isə bildirildi ki, nəzirlərin onlayn qəbulu hələ ki, mümkün deyil: “Məscidin qarşısında nəzir qutusu var. Kimin nəziri varsa həm ziyarətgahı ziyarət edər, həm də nəzirini salar”.
Günel CƏLİLOVA