Bu gün bəzi orta məktəblərdə hələ də müəllim çatışmazlığı yaşanır. Bu hal bölgələrlə yanaşı, paytaxt Bakı ərazisində də müşahidə edilir. Araşdırmalar zamanı müəyyən edilib ki, müəllim çatışmazlığı daha çox coğrafiya fənni üzrə müşahidə edilir. Belə ki, ötən illərdən fərqli olaraq, pedaqoq olmaq istəyənlər artıq coğrafiya fənninə maraq göstərmir.
Məlumat üçün bildirək ki, Azərbaycanda bütün ixtisas qrupları üzrə müəllimlik ixtisası ən yüksək ballardan biridir. Məsələn, riyaziyyat ixtisası üzrə builki yüksək bal 537 oldu. Lakin coğrafiya müəllimliyə qəbul olmaq istəyənlər 200 balla həmin ixtisasa qəbul ola bilirlər. Maraqlı məqam ondan ibarətdir ki, 250 bal toplayan abituriyent coğrafiya müəllimi ixtisasını seçməkdən imtina edir.
Bu səbəbdən də adıçəkilən fənn üzrə müəllim çatışmazlığı yaşanır. Məlumatlara görə, bölgələrdə coğrafiya müəllimi problemi yaşandığı üçün bu fənni başqa ixtisas müəlimləi tədris edir.
Ekspertlər hesab edir ki, coğrafiya fənni üzrə dərs saatı artırılmalıdır. Belə olarsa, gələcəkdə bu ixtisas üzrə təhsil alan müəllimlərə də tələbat artacaq.
“Məktəbdə bu fənlər 5-7 saat civarında olduğu üçün çox zaman kadrlar Bakıdan ucqar rayonlara üz tutmurlar”
Coğrafiya fənninə marağın az olması barədə fikir bildirən təhsil eksperti Elşən Qafarov qeyd etdi ki, ölkə üzrə müəllimlərin sayı 152 mindir.
Onun sözlərinə görə, müəyyən fənlər var ki, onlar üzrə bölgələrdə müəllim çatışmazlığı var: "Regionlarda, ucqar rayonlarda bu problem müşahidə edilməkdədir. Coğrafiya üzrə müəllim qıtlığı olduğundan bu fənni digər ixtisaslı müəllimlər tədris edir. Məktəbdə bu fənlər 5-7 saat civarında olduğu üçün çox zaman kadrlar Bakıdan ucqar rayonlara üz tutmurlar".
Ekspert hesab edir ki, stimullaşdırıcı addım olaraq 67 saylı qərarda nəzərdə tutulan - rayon mərkəzindən 20 kilometr məsəfədə olan müəllimlər üçün 100 manatlıq əlavə azı 3 dəfə artırılmalıdır, onların kommunal xərcləri ilə bağlı da güzəştlər olmalıdır.
Günel CƏLİLOVA