Bu günlərdə təhsil eksperti Kamran Əsədov "Əməkdar müəllim" adının müəllim olmayan şəxslərə verildiyi ilə bağlı iddia səsləndirib. O bu barədə sosial şəbəkə hesabında paylaşım edib: "Oktyabr ayının ilk ongünlüyündəyik və hələ də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi şagirdlərə dərslikləri verə bilməyib.
Bəli, dərslikləri verə bilməyib, çünki onlara şagirdlər, onların gələcəyi maraqlı deyil. Onlara maraqlı olan dost, qohum, tanışlarına vəzifə verməkdir, hələ bu azmış kimi, ölkə prezidentini aldadıb öz yaxınlarına fəxri adların verilməsini həyata keçirirlər. 5 oktyabr Müəllimlər Günü ilə bağlı ölkə başçısının "Əməkdar müəllim" adını verdiyi şəxsləri araşdırmağa başladım. Məlum oldu ki, "Əməkdar müəllim" adını alanlar arasında müəllim olmayanlar da var. Misal üçün, Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev. Bəli, Fuad bəy olimpiada hərəkatında yaxından iştirak edən, çalışan şəxsdir. Cənablar, “Əməkdar müəllim” fəxri adı təhsil sahəsində xüsusi xidmətlərinə görə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə və tərbiyəçilərinə, ümumi təhsil, peşə təhsili və orta ixtisas təhsili müəssisələrinin müəllimlərinə və tərbiyəçilərinə bu sahədə azı iyirmi il işlədikdə verilir. Müəllim olmayana, 20 il dövlət təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmayanlara "Əməkdar müəllim" adını vermək, müəllimlərə açıq şəkildə hörmətsizlikdir”.
Cəsarət Valehov: “Ona verilən fəxri ad da xüsusi xidmətlərinə görə verilib”
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirdi ki, Fuad Qarayevə "Əməkdar müəllim" adı təhsil sahəsindəki xidmətlərinə görə verilib: “Fuad Qarayev ölkədaxili və beynəlxalq olimpiada qaliblərinin yetişdirilməsində xidmət göstərib. Bundan əlavə o, uzun illər riyaziyyat müəllimi olaraq pedaqoji fəaliyyətlə məşğul olub. Ona verilən fəxri ad da xüsusi xidmətlərinə görə verilib".
Nizami Hüseynov: “Sayılıb-seçilən təhsil işçiləri fəxri diplomla təltif edilib”
Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, hər il müəllim günü ərəfəsində Azərbaycanın ən layiqli müəllimləri fəxri adlara və mükafatlara layiq görülür: “Bu onların əməyinə verilən ən yüksək qiymətdir. Azərbaycanda müəllim peşəsinin nüfuzunun artması üçün dövlət başçısı tərəfindən daim böyük işlər görülür. Müəllimlərin əməyinin artırılması dövlətimizin diqqətində olan məsələdir. Bu səbəbdən də sayılıb-seçilən təhsil işçiləri fəxri diplomla təltif edilib. İddia olunur ki, fəxri ad alanlar arasında müəllim olmayanlar da var. Bu məsələ araşdırılmalıdır. Ola bilər ki, həmin şəxsə təhsil sahəsində göstərdiyi xidmətə görə fəxri ad verilib. İstənilən halda bu məsələ araşdırılmalıdır”.
Günel CƏLİLOVA