44 günlük İkinci Qarabağ müharibəsində Vətənin mərd oğulları sözün əsl mənasında dastan yazdılar. Bu haqq savaşımızda şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də Lənkəranın Hirkan qəsəbəsində dünyaya göz açan şəhid polkovnik-leytenant İqbal Əhmədağa oğlu Bayramovdur. Vətən sevdalısının şəhadətə qovuşduğu gündə İcra aparatının işçiləri, şəhidin ailə üzvləri və qəsəbə ictimaiyyəti tərəfindən böyük ehtiramla anıldı. Ziyarətçilər İqbalın uyuduğu qəsəbə qəbiristanlığına baş çəkdilər, şəhidin məzarını ziyarət edib və önünə gül dəstələri düzdülər.
Polkovnik-leytenant İqbal Bayramov haqqında söz düşəndə hirkanlılar bildirdilər ki, elimizin qəhrəman oğlu Vətəninə, xalqına ürəkdən bağlanmışdı. Onun ən böyük arzusu nəyin bahasına olursa-olsun Vətən torpaqlarını tezliklə mənfur düşmən tapdağından azad etmək idi. İkinci Qarabağ müharibəsində bu müqəddəs yolda canını, qanını belə əsirgəmədi. O, müharibə meydanında bizlərə sübut etdi ki, Vətəni necə sevərlər, doğma torpağı necə qoruyarlar. Hirkan camaatı böyüklü-kiçikli öz qəhrəman oğlu ilə fəxr edir.
Qeyd edək ki, polkovnik-leytenant İqbal Bayramov hələ sağlığında dövlət başçısı tərəfindən “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci dərəcəli və “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medallarına layiq görülüb. Vətən müharibəsindəki qəhrəmanlığına görə isə şəhidimiz Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları əsasında “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif olunub.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü