Ədəbi-bədii, elmi-fəlsəfi, publisistik dərgilərin cəmiyyətdə rolu çoxdur. Doğrudur, bu gün bizim aramızda bu tip jurnallara maraq elə də çox deyil. Amma bu o anlama gəlmir ki, onlara oxucu tələbatı yoxdur, var əlbəttə... Belə nəşrlər tarixi həqiqətləri, gün işığına çıxmayan, illərlə pərdə arxasında qalan məqamları yazıların, tədqiqat məqalələrinin dili ilə söylədir. Sərxan Carçının təsisçiliyi və baş redaktorluğu ilə nəşr edilən “Carçı express”in 4-cü sayı işıq üzü görüb. “Carçı express” də öz növbəsində çox vacib və maraqlı məqalələr, fikirlər, müsahibələr təqdim edən nəşrlərdən biridir ki, bu jurnalın saylarının hər biri bir-birindən maraqlı, diqqətçəkən, eyni zamanda da gərəkli materiallarla zəngindir. Jurnalın üz qabığında 140 yaşlı dahi Hüseyn Cavidin fotosu və “Peyğəmbər” dramından “Bəncə dünyada ən sevimli dilək
Ona qoşmaq, onunla birləşmək...”
fikirləri əks olunub. Jurnalın baş redaktoru “Bu il Hüseyn Cavidin anadan olmasının 140, istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileylərini edirik. Bu il həm də Cavidin, Cavadın və onların qələm dostu Mikayıl Müşfiqin və çox sayda ədibimizin repressiyaya məruz qalmasından 85 il keçir. Biz də, öz növbəmizdə, bu sayda Əhməd Cavadı da, Mikayıl Müşfiqi də ehtiramla anmışıq. Bu sayımızda eyni kültür soyuna mənsub olan Mehmet Akif Ərsoydan, Məhəmməd Hadidən bəhs edən yazılar da yer alıb. Təbii ki, Cavidin yadigarları - Turan Cavid və Ərtoğrul Cavidin xidmətləri barədə də yazılar təqdim olunub. Oktyabr ayı həm də Hüseyn Cavid barədə ayrıca monoqrafiya yazmış repressiyaşünas Cəlal Qasımovun dünyadan köçməsinin ildönümüdür...”
Baş redaktorun yazdığı kimi, jurnal C.Qasımovun Cavid barədə yazısı ilə açılır.
“Carçı express” jurnalının 4-cü sayında oxucuları maraqlandıran çox gözəl yazılar var. Fikrimizcə, oxucular jurnalın bu sayını da xüsusi maraqla oxuyacaq.
İradə SARIYEVA