Amid Rəbbil oğlu Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində dünyaya göz açıb. Uşaqlıqdan özünə Həzi Aslanovu örnək seçən Amid böyüyəndə general olmaq arzusu ilə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbdə oxuyur. Ali təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbində alır. Hərb sənətinin sirlərinə mükəmməl yiyələnib tankçı kimi Vətəninin xidmətində durur. Orduda misilsiz xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalına layiq görülür.
Amid Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə hünər göstərir. Vətənin qəhrəman oğlu burada gedən ağır döyüşlərdə şəhid olaraq əbədiyyət adlı dünyasına qovuşur. Lerik şəhərində canından artıq sevdiyi torpağın sinəsinə baş qoyur.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən Müharibəsi Qəhrəmanı" adı verilir, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülür.
Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun şəhadətinin ikinci ildönümündə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhər sakinləri ilə birlikdə qəhrəmanın Lerik şəhərində ucaldılmış büstünü və məzarını ziyarət edərək, gül dəstələri düzdülər. Sonra rayon icra hakimiyyəti başçısı Ə. Abbasov şəhidin ailəsinə evində baş çəkdi, qayğı və problemləri ilə tanış oldu.
Şəhidin atası Rəbbil Heydərov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevdən razılığını bildirdi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü