Vətən müharibəsinin qalib şəhidi Firdovsi Balaxan oğlu Tahirovun əbədiyyət adlı dünyasına qovuşmasından 2 il ötdü. Lerik rayonunun Dico kəndində bu münasibətlə şəhidə anım mərasimi keçirildi. Anım mərasimi iştirakçıları və şəhidin ailə üzvləri onun məzarını ziyarət etdilər, önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla andılar. Söhbət zamanı dedilər ki, haqq savaşımızın ilk günündə düşmənə vurduğu sarsıdıcı zərbələrlə Firdovsi Vətənə olan sevgisini ağır döyüş meydanında təsdiq edə bilir.
44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən işğalından azad edilməsində xüsusi qəhrəmanlıq dastanı yazan şəhid Firdovsi Tahirov 1997-ci il fevralın 18-də dağlar diyarının Dico kəndində dünyaya göz açıb. 2019-cu ildə Lerik Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı ali təhsilini yarımçıq qoyub Murovdağ istiqamətində gedən döyüşlərə qatılır. Bu ağır döyüşlərdə erməni dığalarına qan qusdurur və qəhrəmancasına şəhidlik şəhadətinə çatır. Beləcə, bir igid də 23 yaşında ürəkdən bağlandığı Vətəni üçün canından keçir. Şərəfli ölümü doğma yurda başucalığı gətirən Vətən sevdalısı böyüyüb boya-başa çatdığı Lerik rayonunun Dico kəndində dəfn edilir. Bura hər bir kənd sakinin and yerinə dönür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra Firdovsi Tahirov "Vətən uğrunda", "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə" medalları, "Azərbaycan bayrağı" ordeni ilə təltif olunur.
Bəli, Firdovsi kimi qəhrəmanlar cismən aramızda olmasalar da, qərinələr boyunca mənən xalqın qəlbində yaşayacaq, hər an, hər yerdə böyük ehtiramla xatırlanacaqlar. Şəhidlər ölməz, onların ana qədər sevdiyi Vətən isə heç zaman bölünməz.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü