Sərnişindaşıma şirkətlərinin yeni narazılığı - toplanan vəsaitin 5 faizi niyə "BakıKart"a gedir?

Elməddin Muradlı: “Hər sərnişinin ödədiyi gediş haqqından 5 faiz tutulması yüksək məbləğdir”

img

Son günlərdə ictimai nəqliyyatda vəziyyətin çətinləşməsi ilə bağlı məlumatlar yayılmaqdadır. Məlumdur ki, Bakı şəhərində və ətraf qəsəbələrdə sərnişindaşımanın böyük hissəsini həyata keçirən özəl daşıyıcı şirkətlər dövlət rəhbərliyinə yenidən kollektiv müraciət ünvanlayıblar.

Daşıyıcı şirkətlər hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödədiklərini və bunun kifayət qədər böyük faiz olduğunu bildirərək həmin rüsumun azaldılmasını xahiş ediblər. Şirkətlər, həmçinin, ictimai nəqliyyatda alternativ ödəniş sistemlərinin tətbiq edilməsinin də vacib olduğunu tələb edir.

“5 faiz azaldılaraq ən azı 1 və ya 2 faiz civarında ola bilər, daşıyıcı şirkətlər müraciətlərində tamamilə haqlıdırlar”

Məsələ ilə bağlı fikir bildirən nəqliyyat üzrə ekspert Elməddin Muradlı qeyd etdi ki, daşıyıcı şirkətlər müraciətlərində haqlıdırlar. Çünki hər sərnişinin ödədiyi gediş haqqından 5 faiz tutulması yüksək məbləğdir: "Göstərilən xidmət də o qədər böyük iş tələb etmir. Gündəlik sərnişindaşımadan "BakıKart"ın hesabına 50 min manat vəsait daxil olur. Amma sərnişindaşımada əsas xidməti göstərən daşıyıcı şirkətdir. "BakıKart" sistemi daşıyıcı şirkətlərin vergidən yayınmasını izləmək üçün əlverişli sistemdir. Amma bunun yükü sahibkarların boynuna qoyulmamalıdır. 5 faiz azaldılaraq ən azı 1 və ya 2 faiz civarında ola bilər. Daşıyıcı şirkətlər müraciətlərində tamamilə haqlıdırlar. Çünki göstərilən xidmət elə də fantastik bir sistem deyil".

E.Muradlı onu da əlavə etdi ki, hər sərnişinin ödədiyi gediş haqqından 5 faiz tutulması daşıyıcıların maddi durumlarının pisləşməsinə səbəb olub. Buna görə də onlar gediş haqqının artırılması tələbini irəli sürüblər: “Daşıyıcı şirkətlər kartoxuyucu sistemlə bağlı hər gün problem yaşayır. "BakıKart" xidmətin qarşılığında 5 faiz məbləğ tutsa da, buna uyğun keyfiyyətdə xidmət göstərə bilmir. Burada, mənim bildiyim qədər, sərnişindaşınma sahəsində fəaliyyət göstərən məmurların marağı var".

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər