Vətən müharibəsi qəhrəmanı məktəb direktoru oldu

img

Lerik rayonundakı Hamarat kənd tam orta məktəbinə yeni direktor seçilib. Bu, Vətən müharibəsinin qəhrəmanı Mirəhməd Ağayevdir. Rayonun Dzdipok kəndində anadan olmuş gənc direktor ilk təhsilini elə bu məktəbdə alıb. Sonra Lənkəran Dövlət Universitetində Riyaziyyat və informatika ixtisasını bitirib. Naxçıvanda Milli Ordu sıralarında əsgəri xidmətini ləyaqətlə başa vurub, dağlar diyarının ən ucqar kənd məktəblərində gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur.

2020-ci ilin sentyabr ayının 20-də Qarabağ müharibəsi başlanan kimi Mirəhməd Vətənin harayına yollanır. Kəşfiyyatçı kimi Füzuli istiqamətində döyüşə atılır. Şuşaya ilk daxil olan qəhrəmanın döyüş yolu elə Şuşa zəfəri ilə bitir.

İndi el-obada Mirəhmədin xətri hamı üçün əzizdir. Onun Hamarat məktəbinə direktor gəlməsi bütün valideynlərin ürəyindən xəbər verir. Deyirlər ki, Mirəhməd müəllimin bacarığı, yüksək təşkilatçılıq və idarəetmə qabiliyyəti sayəsində məktəbimizin uğurları artacaq və hamılıqla uşaqların qazandığı uğurlara sevinmək şansımız olacaq.

Beləcə, gənc Vətən sevdalısının rəhbərlik etdiyi təhsil ocağın rayonda birinci olmasına hamı inanır. Çünki Mirəhməd müəllim Vətəninə, xalqına qəlbən bağlı bir ziyalıdır, yaxşı, xeyirxah əməllər sahibi olaraq artıq özünü ən çətin məqamlarda göstərə bilmişdir. İndiki zamanda belə mənəvi cəhətdən sağlam, halalı haramdan, yalanı doğrudan və əyrini düzdən ayıra bilən şəxsiyyətlərin irəli çəkməsi yalınız xoş gələcəyimizə xidmət edir.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyini üzvü

Peşə etikası

Son xəbərlər