Məlum olduğu kimi, Bakı şəhərində fəaliyyət göstərən sərnişindaşıma şirkətləri Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli, 135S saylı qərarı ilə “həyati vacib sərnişindaşıma sahəsinə” maliyyə dəstəyinin verilməsi üçün ayrılan 280 milyon manatdan (tədbirlər planının 10-cu bəndi) onlar üçün nəzərdə tutulmuş hissənin ödənilmədiyini bəyan ediblər.
Bakı Nəqliyyat Agentliyinin İdarə heyəti sədrinin müşaviri Faiq Abbasov dövlətin daşıyıcı şirkətlər üçün ayırdığı 7,5 milyon manatın “Bakubus” MMC-yə ayrıldığını bildirib.
İctimai Televiziyada çıxış edən BNA rəsmisi Bakı şəhərində sərnişindaşımanın böyük hissəsini həyata keçirən özəl daşıyıcı şirkətlərə ayrılmış vəsaitin hansı səbəbdən onlara ödənilməməsi ilə bağlı fikir bildirməyib. O, 7.5 milyon manatın “Bakubus”a pandemiyanın nəticələrinin aradan qaldırılması ilə bağlı verildiyini deyib.
Qeyd edək ki, özəl daşıyıcı şirkətlər dövlət rəhbərliyinə müraciət edərək, 2020-ci ildə pandemiya ilə əlaqədar sənişindaşımaya dəstək məqsədilə dövlətin ayırdığı vəsaitin onlara verilmədiyini bildiriblər. Həmin dövrdə “Bakubus” MMC Bakı Nəqliyyat Agentliyinin tərkibində fəaliyyət göstərib.
Maraqlıdır, həmin vəsait niyə daşıyıcı şirkətlər arasında yalnız “Bakubus”a köçürülüb?
“Vəsait vaxtında daşıyıcılar arasında bərabər paylanılsaydı, indi şirkətlər müflis vəziyyətə düşüb gediş haqqının artırılması tələbini irəli sürməzdilər”
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi ki, BNA-nın bu qərarı özbaşınalıqdır: “Sərnişindaşıma ilə məşğul olan daşıyıcılara ayrıseçkiliyin qoyulması doğru deyil. Bu məsələ prokurorluq tərəfindən də ciddi araşdırılmalıdır. BNA-nın bu qərarı verməkdə məqsədi üzə çıxardılmalıdır. Aydınlaşdırılaraq bu vəsait geri qaytarılmalı, bütün daşıyıcı şirkətlər arasında göstərdikləri xidmətə müvafiq olaraq bölünməlidir. Çünki nə cənab Prezidentin imzaladığı sərəncamda, nə də ki, Baş nazirin qərarında bu vəsaitin ancaq "Bakubus" MMC-yə ayrılması barədə bənd var. BNA isə bu qərarını heç nə ilə əsaslandırmır. Belə çıxır ki, burada BNA-nın marağı var. Detalları hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır".
Ekspert hesab edir ki, məlum vəsait vaxtında daşıyıcılar arasında bərabər paylansaydı, indi şirkətlər müflis vəziyyətə düşüb avtobuslarını satışa çıxartmaz, gediş haqqının artırılması tələbini irəli sürməzdilər. Bu vəsait daşıyıcıların vaxtında avtobuslara texniki qulluq etməsinə, onların ehtiyat hissəsi almasına, sərnişindaşıma xidmətinin keyfiyyətinə də təsir edərdi: “Dövlətin ayırdığı vəsait qəpiyinədək "Bakubus" MMC-yə ödənilsə də, bu şirkətin sərnişindaşıma xidmətinin yüksəlməsinə bir təsir göstərməyib”.
Günel CƏLİLOVA