Hələ onu demirik ki, dəyişdirilmiş qaz sayğaclarının alınmasına və quraşdırılmasına nə qədər pul silinir. Adını qoyublar ki, bir neçə il əvvəl qoyulmuş qaz sayğacları köhnəldiyi üçün dəyişdirilməlidir.
Halbuki redaksiyamıza zəng vuran Abşeron sakinləri deyir ki, yanvardan indiyə qədər bir neçə dəfə naməlum şəxslər gəlib sayğaclarımızı heç bir xəbərdarlıq etmədən yoxlayıblar, soruşanda ki, nə baş verib, nasazlıq varmı? Cavab veriblər ki, hər şey qaydasındadır. Əgər sayğac qaydasındadırsa, o zaman hamılıqla sayğacları dəyişdirmək nə deməkdir? Halbuki, həmin ərəfədə kiminsə sayğacında azacıq nasazlıq aşkar edilirdisə, dərhal "sayğaca müdaxilə var" deyərək hay-həşir qaldırırdılar. Bunu da qoyaq kənara. Dövlət məsləhət bilibsə sayğacların dəyişdirilməsi məqbuldur. Xətlərə qaz əvəzinə boş hava vurulmasına nə deyək?
“Azəriqaz”ın rəhbərliyinin bunlardan xəbəri varmı? Yoxsa, pis. Xəbəri varsa, deməli ortada "itirilən" vəsaitdən də xəbəri var.
Borudan neçə saat yanar qaz əvəzinə boş hava gələ bilər?..
Redaksiyaya telefon açan Abşeron rayon Masazır kənd sakinləri təəccüblü faktlar danışdı. "Bu gün sentyabrın 27-də səhər saat 9-dan başlayaraq qapılardakı qaz sayğaclarını dəyişdirməyə başlayıbar. Təbii ki, xəttəki qazı kəsmişdilər. Günün ikinci yarısında təxminən saat 14 radələrində bizim küçədə sayğacdəyişmə əməliyyatı bitiriləndən sonra xəttə qazın buraxıldığını güman edərək xətləri açdıq. Kimlərsə saat 14-də açdı, kimlərsə saat 15-də açdı. Təsəvvür edin ki, sentyabrın 27-si axşam saat 19-30-dək hələ qaz cihazlarına boş hava gəlir. Saat 15.00-dan 19.30-dək 4 saat yarım ərzində evlərə qaz yox, hava vurulub”.
Sakinlər deyir ki, bu müddət ərzində qaz cihazını hava tam çıxıb qurtarsın deyə açıq saxladıq. Sayğacların bu 4 saat ərzində nə qədər yalançı qaz hesabladığını yəqin rayonun korrupsioner qaz məmurları daha dəqiq hesablaya bilər. Çünki bu onların xalis qazancı olacaq.
Sakinlərin biri rayon qaz məmurlarının sakinlərə hətta şər atdığını da dedi: "Bu gün axşam saat 19:30-da zəng vurduğumuz Abşeron qaz idarəsindən bizə deyirlər ki, neçə saatdır qazı buraxmışıq. Deyirəm atam-qardaşım, xəttə verdiyiniz yanar qazdırsa, bizim evimizə niyə hava gəlir?!”
Masazır camaatı bu saatlarda hələ də xətlərə yanar qazın veriləcəyini gözləyir.
Mövzuya qayıdacağıq .
Namiq QULİYEV