26 sentyabr 2022-ci il tarixdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin və Quba şəhər polis şöbəsinin birgə iştirakı ilə "İnsan Alverinə yol verməyək" layihəsinin icraya yönəlməsi məqsədilə pedaqoq və tələbələrlə geniş maarifləndirmə tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun Quba şəhər filialının direktoru Yusif Alıyev İnsan alveri ilə mübarizədə maarifləndirmə , həm də,profilaktik xarakterli tədbirlərin qüvvədə olan Milli Fəaliyyət Planının mövcud tələblərini özündə ehtiva etdiyini təqdir edib, bu missiyada vətəndaşların da dəstəyinin təmininə zərurətin olduğunu vurğulayıb.
Sonra "İnsan Alverinə yol verməyək" layihəsinin rəhbəri,"Polisə Dəstək"İB-nin sədri Şəmsəddin Əliyev insan alveri anlayışı, qurbanların istismarı, insan alveri qurbanlarının əlamətləri, Azərbaycan Respublikasının insan alverinə aid CM-də əxz edilən maddələrin şəxsiyyət əleyhinə və ictimai mənəviyyat əleyhinə olan cinayət əməlləri barədə iştirakçılara məlumat verib, bu cinayətlərə görə zərər çəkənlərin qurbana çevrilmə mexanizmi, xarici ölkələrdə yüksək ödənişlə iş və təhsil almaq təklifinə, xarici ölkə vətəndaşları ilə ailə qurmağa razılıq vermədən öncə müəyyən məlumatların əldə edilməsi ətrafında tövsiyələr verib.
Tədbirdə İnsan hüquq və azadlıqları üzrə tanınmış hüquqşünas-ekspert Aydın Kərimov insan alverinə aid cinayətlərin mürəkkəb tərkibli, transmilli mütəşəkkil cinayətkarlığın xüsusilə ağır növü kimi insanların iradə azadlığına və bütövlükdə fundamental hüquq və azadlıqlara zidd olduğunu iştirakçıların diqqətinə çatdırıb, ölkədə vətəndaşların təhlükəsizliyinin müdafiəsi və təmini sahəsində Azərbaycan dövlətinin qabaqlayıcı, preventiv kompleks tədbirlərin görülməsini dövlətin ali məqsədinin canlı təzahürü kimi qiymətləndirib.
Tədbirdə ADPU-nun Quba filialının direktor köməkçisi Mürvət Əliyev, filialın xanım pedaqoqu Nəhayət Şirinova və Quba şəhər polis şöbəsinin əməkdaşı Coşqun İsmayılov çıxış edib. Maarifləndirmə xarakterli profilaktik tədbir diskussiya şəraitində davam edib, tələbələrin səsləndirdiyi suallar mahiyyəti üzrə cavablandırılıb.