Fəvvarələr bağından tutmuş, Bakıətrafı metro stansiyalarının girişində, təhsil müəssisələrinin yaxınlığında, ümumiyyətlə çox yerdə dayanan dilənçilər insanlardan pul yığmaqla məşğuldurlar. Bakı Şəhər Polis İdarəsinin əməkdaşları tez-tez şəhər ərazisində avaraçılıq, dilənçiliklə məşğul olan insanları küçələrdən yığışdırmaq məqsədilə reydlər keçirirlər.
Küçələrdən yığılan dilənçilər arasında qaraçılar da çox olur. Maraqlı məqam ondan ibarətdir ki, son zamanlar paytaxt küçələrində dilənənlər arasında əcnəbi vətəndaşlar üstünlük təşkil edir. Xüsusən də Bakının mərkəzi küçələrində gecə saatlarında xarici dilənçilərin insanlara və maşınlara yaxınlaşması şəhərimizin sakinlərində narahatlıq və qorxu yaratmağa başlayıb.
Qeyd edək ki, bu haqda son günlər sosial şəbəkədə məlumatlar yayılır. Bildirilir ki, şəhərin küçələrində dilənən əcnəbi dilənçilərin xarici görkəm və işlətdikləri ifadələrdən pakistanlı və iranlı olduğu bəlli olur.
“Əcnəbi dilənçilər mərkəzi küçələrdə daha varlı insanların yaşadığını düşünərək, orada…”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, dilənçiliklə məşğul olmaq inzibati xətadır. Qanunsuz gəlir əldə etmək baxımından dilənçilərin polis tərəfindən saxlanılması mümkündür. İnzibati Xətalar Məcəlləsinin "Avaralıqla məşğulolma" adlı 307-1-ci maddəsi mövcuddur. Dilənçiliklə məşğul olan şəxslər barəsində protokol tərtib olunur və müəyyən məbləğdə cərimə olunur: “Təəssüf ki, bu gün şəhərin küçələrində dilənən şəxslər arasında əcnəbilərə də rast gəlinir. Bəzi miqrantlar işləməkdən imtina edib asan qazanc arxasınca qaçırlar. Əcnəbi dilənçilər mərkəzi küçələrdə daha varlı insanların yaşadığını düşünərək orada dilənməyə başlayırlar. Bəzi miqrantların yerli sakinlərə dilənçi kimi yanaşması psixoloji olaraq da insanlarımıza mənfi təsir edir. İnsanlar dilənçilərin çoxluğundan bezir və qarşılarına həqiqi ehtiyacı olan insanlar çıxdığı zamanlarda da yardım göstərmək istəmirlər. Bu, ümumi estetikanı yaralamış olur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərsə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan iyirmi beş manatadək məbləğdə cərimə edilir. Eyni zamanda, dilənçi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır: “Bundan başqa, yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsinə görə əlli manatdan doxsan manatadək məbləğdə cərimə nəzərdə tutulur. Xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda beş gündən on beş günədək müddətə inzibati həbs tətbiq edilir”.
Günel CƏLİLOVA