Bakıda fəaliyyət göstərən sərnişindaşıma şirkətləri tariflərə yenidən baxılması, gediş haqlarının artırılması və dövlətin bu sahəyə dəstək mexanizminin dəqiqləşdirilməsi xahişi ilə prezidentə müraciət ediblər.
Qeyd edək ki, Bakıda avtobuslarda gediş haqqının artırılması ilə bağlı problem artıq 1 ilə yaxındır ki, müzakirə edilir. Nəqliyyat şirkətləri son vaxtlar istismar xərclərinin kəskin artması fonunda çətinliklərlə özləşdiklərini, zərərə düşdüklərini bildirərək, tariflərə dəyişiklik edilməsini istəyirlər. Bununla bağlı dövlət qurumlarına bir neçə dəfə müraciət edilib.
Bu dəfə isə Bakı şəhərində və ətraf qəsəbələrdə sərnişindaşımanı həyata keçirən özəl daşıyıcı şirkətlər dövlət rəhbərliyinə yenidən kollektiv müraciət ünvanlayıblar.
Şirkətlər İqtisadiyyat Nazirliyindən mövcud tariflərə baxılması, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və birgə görüşün keçirilərək yaranmış vəziyyətin müzakirə edilməsini xahiş ediblər.
Daşıyıcı şirkətlərin məlum müraciəti ictimaiyyət arasında narazılığa səbəb olub. Ölkə əhalisi ictimai nəqliyyatda qiymətin artacağından narahatdır.
Ərşad Hüseynov: “Gedişhaqqının qaldırılması şəhərlərarası daşımalarda, hətta “Bakı Metropoliteni”ndə qiymət artımına səbəb olacaq, bu isə…”
Məsələ ilə bağlı fikir bildirən nəqliyyat sahəsi üzrə mütəxəssis, hüquqşünas Ərşad Hüseynov qeyd etdi ki, problem çox ciddi və aktualdır: “Hələ bir neçə il əvvəl bildirmişdim ki, vəziyyət belə davam edərsə, Bakının yerüstü nəqliyyat sektoru tamamilə çökəcək. Artıq ilk işartıları görünməyə başlayıb və 10 gündür ictimai nəqliyyat iflic vəziyyətdədir. Paytaxtın istənilən küçəsində tıxac var. Əvvəllər “pik saatı” anlayışı vardı, indi o da itib. Bu da vahid nəqliyyat kompleksindəki halqalardan biri olan yerüstü nəqliyyatın tamamilə zəifləməsilə bağlıdır. Problem kökündən həll edilməsə, vəziyyət nəzarətdən çıxacaq və tıxacların qarşısını almaq mümkün olmayacaq”.
Ekspertin sözlərinə görə, daşıyıcıların müraciətində iki əsas məsələ diqqətə çatdırılıb: bunlardan biri gedişhaqqının artırılması, digəri isə onlara ayrılan maliyyə yardımının verilməməsi ilə bağlıdır: “Bunların ikisi də ciddi məsələdir. gedişhaqqının qaldırılması iflasın qarşısını ala bilməyəcək. Həll etsə belə, müvəqqəti olacaq. Çünki qarşıdakı illərdə problemlər yenidən baş qaldıracaq. Yanacaq, ehtiyat hissələri və avtobus parklarının saxlanması ilə bağlı bütün xərclərin artımı üstələdiyini əsas gətirib yenə eyni məzmunla çıxış edəcəklər. Onu da deyim ki, gedişhaqqının qaldırılması şəhərlərarası daşımalarda, hətta “Bakı Metropoliteni”ndə qiymət artımına səbəb olacaq. Bu isə insanların maddi vəziyyətinə təsir edəcək, əhali arasında sosial gərginliyi artıracaq”.
Ekspert hesab edir ki, hökumət gediş haqlarının artımı addımını atmaz. Çünki bu olarsa ictimai nəqliyyat daha da çökəcək, əhali taksilərin xidmətindən istifadə etməyə başlayacaq. Vəziyyətdən bir çıxış yolu var: Dövlət bu sahəyə maddi-iqtisadi cəhətdən əsaslandırılmış maliyyə dəstəyi verməlidir. Ya dotasiya yolu ilə, ya da başqa bir yolla mexanizm tapılmalı, vəziyyətə müdaxilə edilməli və ictimai nəqliyyat dirçəldilməlidir.
Asif İbrahimli: “Qiymətlər hələ ki artmayıbsa da, yaxın gələcəkdə artacağı gözlənilir, çünki zərərlə işləyirlər”
İqtisadçı-ekspert Asif İbrahimli bildirdi ki, qiymət artımı məhsulun başa gəlməsini təşkil edən xərclərdən asılıdır: “Ötən il yanacağın qiyməti iki dəfə artdı. Srənişindaşınmada qiymətlərin dəyişməsinə yanacaq və ehtiyat hissələri böyük təsir göstərir. Azərbaycanda bir sıra strateji məhsul və xidmətlərin qiymətləri Tarif Şurası tərəfindən təyin edilir. Dərmanlar, ərzaq məhsulları və o cümlədən ictimai nəqliyyatdan istifadə qiymətlərini Tarif Şurası tənzimləyir. Təxminən doqquz ay öncə qiymətlərin artacağı barədə proqnoz vermişdim. Qiymətlər hələ ki artmayıbsa da, yaxın gələcəkdə artacağı gözlənilir. Çünki zərərlə işləyirlər”.
Günel CƏLİLOVA