Erkən nikah qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaradır.
Bu fikirlər Yardımlı rayonunun Bozayran kənd tam orta məktəbində keçirilən “Erkən nikah və onun fəsadları” adlı tədbirdə səsləndi. Rayon İcra Hakimiyyətinin təşəbbüsü sayəsində baş tutan tədbirdə İcra Hakimiyyəti başçısının müavini–İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Rayon Gənclər və İdman idarəsinin rəisi Şəhriyar Şabiyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yardımlı nümayəndəliyinin direktoru Səfail İbişli, Yardımlı rayon Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru, polis baş leytenantı Tural Quliyev və Bozayran kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edirdilər.
Vətən torpaqların azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Rayon İcra Hakimiyyətinin başçısının müavini Əfsanə Məmmədova çıxışında erkən nikahın səbəblərindən, onun yaratdığı fəsadlardan, hər kəsi bu mövzuda maarifləndirilməsindən söhbət açdı. Onu da bildirdi ki, azyaşlıları erkən nikaha cəlb edən hər kəs, o cümlədən, valideynlər qanunla müvafiq olunmuş qaydada məsuliyyətə daşıyır. Birinci növbədə yeniyetmə və gənclərimiz təhsil almalı, idmanla məşğul olmalı, xalqın milli-mənəvi dəyərlərə sədaqət ruhunda böyüməli, cəmiyyətə sağlam fərdə kimi yetişməlidirlər.
Tədbirdə digər danışanlar da erkən nikahla bağlı problemlərin aradan qaldırılmasında ən vacib məsələni maarifləndirici tədbirlərin təşkilində, yeniyetmə və gənclərlə müntəzəm olaraq görüşlərin keçirilməsində, onlara milli və mənəvi dəyərlərin aşılanmasında gördülər.
Sonda məktəbliləri maraqlandıran suallara tədbir içtirakçıları tərəfindən ətraflı cavablar verildi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü