Qarşıdan xalqımıza zəfər sevinci yaşadan 44 günlük Vətən müharibəsinin 2-ci ildönümü gəlir. Masallı Tarix-Diyarşünaslıq Muzeyində bu münasibətlə “Tarix yazan igidlər” mövzusunda tədbir keçirildi. Tədbirin təşkilatçıları muzeyin özü və Masallı Dövlət Rəsm Qalereyası idi.
Tədbir iştirakçıları Vətənin azadlığı uğrunda şəhid olaraq ölməzlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva giriş nitqi söylədi: - 44 günlük Vətən müharibəsində ordumuzun əsgər və zabitlərinin fədakarlığı, Azərbaycan xalqının mübarizə əzmi, Prezident - Xalq birliyi hesabına qələbə qazandıq. Bu şanlı zəfər bir daha qüdrətimizi, qürurumuzu bütün dünyaya göstərdi. Bizə qələbəni qazandıran Vətən şəhidlərin valideynlərinə, müharibədə sağlamlığını qoyan mərd əsgər və zabitlərə təşəkkürümü bildirirəm.
Torpaq uğrunda canını fəda edən hər bir Vətən övladının hər zaman ailələrin yanında olmağı özlərinə borc hesab edənlər Nurlan Muradov, Təhmasib Məcidov onu da vurğuladılar ki, odda-alovdan keçərək, az bir müddətdə bizə qələbə bəxş edənləri daima diqqət və qayğı mərkəzində saxlamaq olduqca vacibdir. Qazi Talıb Qəzənfərli, Nuru Şahin Qurbanov, Bəylər Məmmədov, Elməddin Əzizov, Elçin Məmmədov, İlkin Məmmədov Vətənin keşiyində durduqları zaman şahidi olduqları döyüş səhnələrdən və 44 günlük müharibə dəhşətlərdən geniş söhbət açdılar.
Axırda qonaqlar muzeydə vətənpərvərlik bölməsinə ekskursiya etdilər, xatirə şəkilləri çəkdilər.
Onu da deyim ki, tədbirdə adıçəkilən müəssisələrin əməkdaşları, Vətən müharibəsi iştirakçısı və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, müharibə veteranları və mədəniyyət işçiləri iştirak edirdilər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü