Vətən yolunda can qoyanlar unudulmur - FOTO

img

İkinci Qarabağ müharibəsində qazanılan zəfərdə Masallı gənclərin də rolu böyükdür. Rayon camaatı Vətən naminə şəhid olan qəhrəman övladlarını ürəyində yaşadır, onların şərəfli həyat yollarını örnək sayırlar. Burada şəhidlərin şərəfinə tez-tez müxtəlif tədbirlər görülür. Növbəti belə tədbir Masallı Tarix - Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, “Ümidim sənsən” sosial inkişafa yardım ictimai birliyinin birgə təşkilatçılığı altında  baş tutdu. Birinci Qarabağ və Vətən Müharibəsi Qəhrəmanlarının tanıdılması məqsədi daşıyan “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində keçirilən tədbirdə adı çəkilən müəssisələrin əməkdaşları, Dini Qurumlar işi üzrə Dövlət Komitəsinin(DQİDK) Masallı Bölgəsi üzrə Şöbəsinin müdiri Elvin Hüseynli, Ehtiyatda olan Zabitlər Konfederasiyası sədr müavini, Birinci Qarabağ, Vətən müharibəsi veteranı Camaləddin Məmmədov, Asan xidmət könüllüləri, şəhid ailələri, mədəniyyət işçiləri və gənclər iştirak edirdilər.

Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva çıxışında keçirilən layihənin əhəmiyyətindən danışdı, şəhid ailələrinə maddi və mənəvi dəstək olmağı hər kəsin vətəndaşlıq borcu olduğunu dedi. Natiq həmçinin sentyabr ayında doğulan, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində döyüşmüş əsgər və zabitlər haqqında məlumat verərək, onların valideynlərinə dərin ehtiramını bildirdi.

Digər danışanlar- müharibə veteranı C.Məmmədov, DQİDK-nın  Masallı Bölgəsi üzrə Şöbəsinin müdiri E.Hüseynli, “Ümidim sənsən” ictimai sosial birliyin nümayəndəsi F.Abbaslı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin xalqımızın minlərlə qəhrəman övladının canı-qanı sayəsində əldə edildiyini dilə gətirdilər və  ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində xalqımıza ucalıq bəxş edən oğulların heç zaman unudulmayacağını dedilər. 

Tədbirin sonunda sentyabr ayında doğulan şəhidlərin ailələrinə layihə təşkilatçıları tərəfindən “Təşəkkürnamə”lər təqdim olundu, xatirə şəkilləri çəkildi.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Peşə etikası

Son xəbərlər