Elxan Əliyev: “Bu hal qiymət artımına səbəb olmamalıdır”

Məlum olduğu kimi, Azərbaycanda taksi sürücüləri 12 manat icbari tibbi sığorta haqqı ödəyəcək. Bununla bağlı "Tibbi sığorta haqqında" qanuna dəyişiklik layihəsi parlamentin Səhiyyə komitəsinin son iclasında müzakirə edilib. Dəyişiklik layihəsi Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli qanuna uyğun hazırlanıb.
Dəyişiklik layihəsində Azərbaycan ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər tərəfindən icbari tibbi sığorta haqqı "Fərqlənmə nişanı" alınarkən ödənilməsi nəzərdə tutulub.
Sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının (300 manat) 4%-i miqdarında (12 manat) məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.
- “Burada məcburilik anlayışı ilə yanaşı, əhaliyə keyfiyyətli tibbi yardımla bağlı xidmətlər göstərilir”
Taksi sürücülərinin 12 manat icbari tibbi sığorta haqqı ödəməsi xəbəri ictimailəşəndən sonra belə bir məlumat yayılıb ki, taksilərdə gediş haqqı artacaq. Bunun nə dərəcədə doğru olub-olmaması barədə sosial sahə üzrə ekspert Elxan Əliyev bildirdi ki, digər peşə, sənət sahibləri vergi, tibbi sığorta haqqı ödədiyi kimi, taksi sürücüləri də bundan kənarda qalmamalıdırr. Onlar da icbari tibbi sığortadan yararlanmalıdırlar. Tibbi sığorta haqqı əslində taksi sürücüsünün özünə vacibdir. Bu gün ölkəmizdə icbari tibbi sığortadan faydalanan xeyli sayda insan var. Bu səbəbdən də taksi sürücülərinin icbari tibbi sığorta haqqı ödəməsi normaldır: “Bu hal qiymət artımına səbəb olmamalıdır. Nəzərə almaq lazımdır ki, icbari tibbi sığorta ölkə üzrə məcburi xarakter daşıyır. Muzdla işləyən, eyni zamanda VÖEN-i olan vətəndaşlar bununla bağlı vergi ödəyirlərsə, əmək haqqının bir hissəsi İcbari Tibbi Sığorta Agentliyinin büdcəsinə köçürülməlidir. Həmin şəxslər də bir il ərzində icbari tibbi sığortanın zərfində olan bütün xidmətlərdən pulsuz istifadə edirlər. Burada məcburilik anlayışı ilə yanaşı, əhaliyə keyfiyyətli tibbi yardımla bağlı xidmətlər göstərilir”.
Günel CƏLİLOVA