Akif Nəsirli: “Komitə sədri belə rəy yaratmaq istəyir ki, guya insanlar kefindən işləmək istəmir”

“Sosial yardım insanları xarab edib”. Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sentyabrın 21-də keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.
“İnsanlar işləmək istəmirlər. Müraciət edir ki, mənə yardım düzəldin. Mən onlara iş deyirəm, amma insanlar balaca da olsa, o yardımı almağa üstünlük verir. Belə olmaz”, - parlamentin komitə sədri bildirib.
H.Hüseynova qeyd edib ki, işsiz olduğunu deyən insanlar Dövlət Məşğulluq Agentliyinin müvafiq strukturlarına müraciət etmirlər: “Amma biz insanları nazirliklərin gördüyü işlərlə bağlı da məlumatlandırmalı, əlaqələndirməliyik”.
- “Vətəndaş yardım almağa üstünlük verir ki, gedib qeyri-leqal işlə də məşğul olsun və nəhayət, ailəsini birtəhər dolandıra bilsin”
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, H.Hüseynovanın bu sözləri əslində imkansız, sosial müdafiəyə ehtiyacı olan insanların aşağılanması, təhqir edilməsidir. “Hicran Hüseynovanın o açıqlaması ilə tanışam. Əslində o, bu açıqlama ilə əhalinin aztəminatlı təbəqəsini, sosial müdafiəyə ehtiyacı olan şəxsləri bu şəkildə təhqir edir. Komitə sədri belə rəy yaratmaq istəyir, guya insanlar kefindən işləmək istəmir və evdə oturub ünvanlı sosial yardım almağa üstünlük verirlər. Əslində isə belə deyil. Məsələnin mahiyyəti başqadır, reallıq tamamilə başqa curdür. Vətəndaşa təklif edilən işin aylıq maaşı 300-400 manat təşkil edir. Vətəndaş anlayır ki, bütün gününü sərf etdiyi və ayın sonunda aldığı 400 manatla ailəsini dolandıra bilməz. Ona görə də yardım almağa üstünlük verir ki, gedib qeyri-leqal işlə də məşğul olsun və nəhayət, ailəsini bir təhər dolandıra bilsin. Bu sadə həqiqəti Hicran Hüseynova başa düşə bilmir, yoxsa başa düşmək istəmir? Bu suala o özü cavab versə daha yaxşı olar”.
A.Nəsirli hesab edir ki, işsizlərə təklif edilən əməkhaqqı çox aşağıdır və bu deputatların maaşının 5-də 1-i qədər olsa, çox məmnuniyyətlə gedib işləyərlər.
A.Nəsirli hesab edir ki, o insanlara normal maaş təklif edilsə, onlar imtina etməzlər. “O ki qaldı hökumətin təklif etdiyi iş yerlərində maaşların aşaği olmasına, bunun da günahı hökumətin iqtisadi siyasətindədur. Əslində iş yerlərini biznes sahəsi təklif etməlidir. Bunun üçün isə ölkədə iqtisadi azadlıqlar bərqərar edilməli, inhisarçılıq aradan qaldırılmali - rəqabətli bazar formalaşmalı, mülkiyyətə zəmanət verilməli, şəffaflıq və hesabatlılıq təmin edilməli və ən nəhayət, məhkəmələr müstəqil olmalıdır ki, ölkədə zəngin iş yerləri təklif edən biznes mühitinə uyğun əmək bazarı yaransın. Dövlət qurumlarının təklif etdiyi iş yerləri isə büdcədən maliyyələşdirildiyindən əmək haqqı məhdud xarakter daşıyır və bu, işsizliyin qarşısını alan vasitə kimi səmərə verə bilməz” - deyə qurum sədri bildirdi.
Leyla QARAXANLI