Respublika Xatirə Kitabı Redaksiyası Masallıda və Lənkəranda "44 gün - Tarixi zəfər" üçcildliyinin təqdimatını keçirdi - FOTO

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası 21 sentyabr 2022-ci il tarixində Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin və Lənkəran şəhər Mədəniyyət Mərkəzinin binasında Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün “44 gün – Tarixi zəfər” adlı üç cildliyin (“A-Ə” hərfləri üzrə) birinci cildinin növbəti təqdimat mərasimini keçirdi.
Masallıda keçirilən mərasimdə Cəlilabad, Yardımlı və Masallı, Lənkəranda keçirilən tədbirdə isə Astara, Lerik və Lənkəran rayonlarından olan şəhid ailələri iştirak edib. Tədbir boyu şəhid ailələri səmimi qarşılandı və onlara “44 gün – Tarixi zəfər” adlı üçcildliyin (“A-Ə” hərfləri üzrə) birinci cildi təqdim olundu.
Qeyd edək ki, kitabın birinci cildində min nəfərə yaxın döyüşçü – Aprel döyüşlərində və Tovuz hadisələrində, həmçinin Vətən müharibəsində həlak olmuş şəxslər barədə bioqrafik məlumat verilib (digərlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər görülür).
Bu vaxta qədər Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasında İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar əldə edilərək bir sıra kitablar nəşr edilib. Bütünlükdə bu şəxslərin adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya hazırda da bu istiqamətdə araşdırma işlərini davam etdirməkdədir.
Xatirə kitablarının nəşri həm də ona dəlalət edir ki, «Heç kim unudulmur, heç nə yaddan çıxmır!».
Tədbiri giriş sözü ilə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıcov açdı və sözügedən nəşr barədə danışdı. Sonra sözü Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya verdi.
N.Məmmədova "44 gün – Tarixi zəfər” adlı üç cildliyin birinci cildi barədə danışdı.
Sonra şair - publisist Rəfael Tağızadə, AYB üzvü, şair Meyxoş Abdullah çıxış edərək və Xatirə Kitabı Redaksiyasının yeni uğuru barədə danışdılar.
Tədbirdən hazırladığımız geniş reportajı növbəti sayımızda təqdim edəcəyik.
İradə SARIYEVA
Masallı-Lənkəran