Son günlər Müdafiə Nazirliyi tərəfindən xidmət zamanı smartfon tipli mobil telefonlardan istifadə edərək, sosial şəbəklərdə video və foto görüntülər paylaşan hərbçilərə qarşı sərt tədbirlər görülür. İndiyədək cəza tədbirləri nəticəsində bir neçə hərbi qulluqçu ordu sıralarından xaric olunub.
Qeyd edək ki, cəbhə bölgəsindən görüntülər çəkib paylaşan hərbi qulluqçuların smartfon və çəkiliş vasitələrindən istifadəsi son zamanlar müzakirə mövzusuna çevrilib. Hətta qanunvericiliyə bununla bağlı dəyişiklik olması müzakirə edilib.
Nazirliyin xəbərdarlığına məhəl qoymayaraq, hələ də smartfon işlədən hərbçilər var. Bəs onlara qarşı necə mübarizə aparmaq olar?
“Bu məsələlərlə bağlı güc strukturlarının özünün daxili idarəetmə prosesi aktivləşdirilsin”
Hərbi ekspert Rasim İsgəndərov qeyd etdi ki, heç kim sosial mediadan istifadənin əleyhinə deyil. Sadəcə olaraq sosial şəbəkədən doğru-düzgün istifadə etmək lazımdır: “Bu gün sosial şəbəkələrdən istifadə edənlərə qarşı mübarizədə məqsəd məhz hərbçilərin, habelə Azərbaycan Respublikasının müdafiəsini və etibarlı təhlükəsizliyini təmin etməkdir. Bizim hərbçilər sosial şəbəkədən bir-biriləri ilə söhbət etmək, tanışlıq üçün istifadə edirlər. Dünya ilə maraqlanmırlar. Bilmirlər ki, bu gün Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən olan hərbçilərin 20-30 faizinin həlak olmasının səbəbi məhz üzərlərində gəzdirdikləri smartfonlardır. Bu artıq fakt kimi sübut olunub”.
Ekspertin sözlərinə görə, hərbi qurumlarda belə bir qayda var ki, hərbi birləşmə komandirinin əmri ilə bu məsələlər tənzimlənir: “Məsələn, hərbi hissənin komandiri əmr edir ki, smartfonlarla hərbi hissənin ərazisinə daxil olmaq qadağandır, yaxud döyüş postuna gedərkən üzərində telefon aparmaq olmaz. Bunun üçün qanunvericilikdə xüsusi müddəaya ehtiyac yoxdur. Əmrlə, daxili xidmət nizamnaməsi ilə icra olunan məsələlərin inzibati cəzaları var. Komandirin qanuni əmrini icra etməyən hərbi qulluqçu daxili xidmət nizamnaməsinə əsasən cəzalandırılır. Xidməti uyğunsuzluq, töhmət verilir, yaxud hərbi qurumlarda cəzaçəkmə müəssisəsinə göndərilir. Yəni belə məsələlərin qanun səviyyəsinə qaldırılmasına ehtiyac yoxdur. Yaxşı olar ki, bu məsələlərlə bağlı güc strukturlarının özünün daxili idarəetmə prosesi aktivləşdirilsin".
Günel CƏLİLOVA