Bu ay Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan hərbçilərinin banklara olan bütün növ kredit öhdəlikləri və onlara hesablanmış faizlər tam silinib. Bu barədə "Azərbaycan Banklar Assosiasiyası"ndan (ABA) məlumat yayıb. Bildirilib ki, bu məsələ qurumun Rəyasət Heyətinin sentyabrın 16-da keçirilmiş geniş tərkibdə iclasında müzakirə edilib. İclasda borcların silinməsi məsələsi yekdilliklə təsdiq edilib.
Qeyd edək ki, şəhid ailələri və qazilərin kredit borlarının silinməsi ilə bağlı Prezident İlham Əliyevin xüsusi göstərirşi var. Banklarda həmin göstərişə uyğun olaraq şəhidlərə hörmət əlaməti olaraq onların kredit borclarını silir.
Halbuki bəzi şəxslər şəhidlərin yaxınlarına aid videokadrları həvəslə tirajlayaraq guya bununla şəhidlərin ruhuna çox hörmət etdiklərini göstərirdilər. Halduki Şəhid, şəhid ailəsini sözdə düşünən şəxslər sosial şəbəkədə reklam olunmaqla deyil, onların problemlərini həll etmək üçün Prezidentə müraciət edərdilər.
“Vəfa” Sosial İctimai Problemlərə Dəstək İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli hər bir Azərbaycan vətəndaşının boynunun borcudur: “Bundan sonra onlara ayrılan diqqət daha da artırılacaq. Əgər dövlət orqanları da bunda iştirak etmək üçün dövlət büdcəsindən vəsaitlər xərcləyəcəklərsə lap gözəl. Təşəbbüsü alqışlayır və gələcəkdə dövlət orqanlarının və şəxsi mağazaların daha aktiv olmasını arzu edirəm”.
Birlik sədri onu da əlavə etdi ki, istər birinci, istərsə də ikinci Qarabağ müharibəsindən sonra qazilərin və şəhid ailələrinin cəmiyyətdə statusu daha da möhkəmləndi. Elə ilk günlərdən şəhidlərin dəfn edilməsi minlərlə sadə vətəndaşın iştirakı ilə keçirildi, günlərlə, həftələrlə hamı şəhidlərdən, onların qəhrəmanlığından danışdı, bu gün də danışılır, illər sonra da danışılacaq: “Çünki qanı bahasına Qarabağı bizlərə qaytaran vətən oğullarının adı əbədi tariximizə həkk olunub. İllər keçəcək, onlar haqqında əsərlər yazılacaq, filmlər çəkiləcək, xalq öz qəhrəmanlarını əbədi qəlbində, yaddaşında yaşadacaqdır.
Dövlətimiz də onların adını əbədiləşdirir, muzeylər tikilir, abidələr ucaldılır, qoyulur, küçələrə onların adları verilir.
Təəssüf ki, bu gün şəhidlərimizin adından sui-istifadə edənlər də var. Xüsusilə sosial şəbəkələrdə şəhidin fotosunu paylaşıb “like” yığmaq sevdası günümüzün acı reallıqlarından biridir. Cəmiyyətimizdəki bəzi şəxslər şəhidimizin adından sui-istifadə edir, tanınmaq istəyirlər. Digəri şəhidlərin fotosunu paylaşaraq bəyənmə yığır. Ölkəmizdə belə insanların olması mənəviyyatl bağlı problemlərdən xəbər verir. Bəlkə, şəhid adından istifadə edənlərin ailə tərbiyəsində də müəyyən çatışmazlıqlar olub”.
Birlik sədri onu da vurğuladı ki, şəhid ailəsinə dəstək olmaq istəyən şəxs onun problemlərini həll etməyə çalışar, yoxsa sosial şəbəkədə foto-video paylaşmaz. Bu işdə nümunə olacaq yeganə şəxsdir Prezident İlham Əliyevdir. 44 günlük Vətən savaşından sonra Prezident İlham Əliyevin göstərişi ilə şəhid və qazilərin bütün kredit borcları silindi. Şəhid ailələrinə göstərilən ən böyük dəstəklərdən elə biri də bu idi.
Günel CƏLİLOVA