Sosial şəbəkədə Dövlət İmtahan Mərkəzinin çap etdiyi sual kitabçası geniş müzakirələrə səbəb olub. Kitabçanın ön tərəfində Riyaziyyat, arxa hissəsində isə Azərbaycan dili fənnindən sualların olduğu yazılıb. Sosial media istifadəçiləri isə nəşrin bu cür çap olunmasını, kobud səhvə yer verilməsini tənqid edib.
Qeyd edək ki, sual kitabçalarının hazırlanmasında məqsəd imtahan üçün metodiki tövsiyələrin yer almasıdır. Imtahan hazırlaşanlar həmin vəsaitdən istifadə edirlər.
Xanlar Xanlarov: “Sosial şəbəkədə yayılan fotodakı sual kitabçası saxta nəşrdir”
Məsələ ilə bağlı DİM-in mətbuat katibi Xanlar Xanlarov bildirdi ki, sosial şəbəkədə yayılan fotodakı sual kitabçası saxta nəşrdir: “Yayılan fotodakı kitabça DİM-in deyil, bu saxta nəşrdir. 2017-ci ilə aiddir. DİM-in nəşrində belə bir şey yoxdur. Orijinalında bunu görə bilərsiniz”.
Nizami Hüseynov: “Həmin vəsaitdə qeydə alınan qüsur ya texniki səhvdir ya da saxta nəşrdir”
Təhsil eksperti Nizami Hüseynov qeyd etdi ki, zamanla dərsliklərdə, o cümlədən DİM-in tərtib etdiyi vəsaitlərdə müxtəlif qüsurlar olur: “Son dövrlərdə çap olunan dərsliklərin böyük əksəriyyətində bəzi qaydalara əməl edilmir. Dərsliklər şagirdlərə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişləri aşılamalı, onları düşünməyə sövq etməli, məntiqi təfəkkürü inkişaf etdirməlidir. Tətbiqi xarakter daşımalı, interqrativ xüsusiyyətə malik olmalıdır və şagirdlərdə demokratik dünyagörüşü formalaşdırmalıdır”.
Ekspert onu da əlavə etdi ki, sosial şəbəkədə Dövlət İmtahan Mərkəzinin çap etdiyi sual kitabçasında riyaziyyat və Azərbaycan dilinə aid sualların olması sual doğurur: “Ola bilər ki, həmin vəsaitdə qeydə alınan qüsur ya texniki səhvdir ya da saxta nəşrdir. Adətən saxta nəşrlərdə bu kimi hallar qeydə alınır. Saxta nəşrlərə cavabdeh qurum olmadığı üçün həmin vəsait necə gəldi hazırlanır, nəticədə əziyyət çəkən şagird və valideyn olur. Yaxşı olar ki, aidiyyatı qurumlar bu məsələni nəzarətə götürsün”.
Günel CƏLİLOVA