Sənan Əhmədovun şəhid qardaşı Səbuhi Əhmədovun hərbi xidmət yerinə dəyişmək üçün bankdan kredit götürərək rüşvət verməsi barədə fikirlərinin əks olunduğu sosial şəbəkələrdə yayılmış video, həmçinin sonradan həmin cinayət xarakterli məlumatların təkzib edilməsi ilə bağlı səsləndirdiyi fikirlərin qeydə alındığı digər video üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün prokurorluq orqanları tərəfindən əhəmiyyət kəsb edən bütün hallarla tam və hərtərəfli araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumatda deyilir.
Qeyd edilir ki, hər iki xüsusat üzrə təqsiri müəyyən ediləcək şəxslərin məsuliyyətə cəlb edilməsi təmin ediləcəkdir.
Media nümayəndələri, habelə sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır ki, aparılan araşdırma ilə bağlı rəsmi mənbələrlə dəqiqləşdirilməmiş məlumatların yayılması yolverilməzdir və qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Xatırladaq ki, Sənan Əhmədov iki gün əvvəl verdiyi açıqlamada şəhid qardaşı Səbuhi Əhmədovdan “Komando” xüsusi briqadasına qəbul olmaq üçün 6 min manat rüşvət alındığını iddia edib. O, qardaşının həmin pulu bankdan kreditə götürdüyünü bildirib.
Bundan sonra Müdafiə Nazirliyinin ötən gün yaydığı məlumatda bildirilib ki, Sənan Əhmədovla Nazirlikdə görüş təşkil edilib. Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb. Qeyd edilib ki, müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı MN tərəfindən araşdırma aparılır.
Daha sonra isə Sənan Əhmədov qardaşından “Komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunması məsələsi ilə bağlı yeni açıqlama verib. Şəhid qardaşı sözügedən 6 min manatın vəzifə dəyişikliyinə aidiyyətinin olmadığını bildirib.