BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə, Bakı Mühəndislik Universitetində (BMU) 2022/2023-cü tədris ili üzrə bakalavr pilləsinə qəbul olan tələbələr üçün ənənəvi “Oriyentasiya günü” təşkil olunub.
Universitetin Mühəndislik, İqtisadiyyat və İdarəetmə fakültələrinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə erməni təxribatı nəticəsində şəhid olmuş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Mühəndislik fakültəsinin dekanı Afər Əlifov, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı Mayis Əzizov, dekan müavinləri və fakültələrin digər əməkdaşları çıxış ediblər. Tələbələrə universitet həyatı, universitetdaxili zəruri, istiqamətləndirici məlumatlar və prosedurlar izah edilib, eyni zamanda tədris ilində fəaliyyətlərinin düzgün, səmərəli və mümkün qədər effektiv qurulması üçün üçün zəruri informasiyalar verilib. Gənclərin inkişafında tələbə təşkilatlarının mühüm rol oynaması önə çəkilərək, BMU-nun Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar İttifaqı Komitəsi, həmçinin tələbə klubları, dərnəklərin fəaliyyətindən söz açılıb.
Ayrı-ayrl təqdimatlar zamanı I kurs tələbələrinə BMU-nun elektron sistemləri, o cümlədən Tələbə Məlumat Sistemi (TMS) haqda geniş informasiya çatdırılıb, bu sistemlərin iş prinsipi əyani olaraq nümayiş etdirilib.
Çıxışlarda tələbələrin hüquqları, universitetdaxili nizam-intizam qaydaları da nəzərə çatdırılıb, bu qaydalara ciddi riayət olunması tövsiyə olunub.
Kifayət qədər zəngin məlumat və məsləhətlərin yer aldığı görüşlərin sonunda tələbələrə yeni dərs ilində uğurlar arzulanıb.