Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəman hərbçilərimizin ailələri hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacaqlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, həmin şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsi təmin olunacaq. Qanunvericilik əsasında şəhid hərbi qulluqçularımızın ailələrinin mənzillə, fərdi evlə təminatı və aktiv məşğulluq proqramlarına cəlb olunmaları işləri aparılacaq. Onlara şəhid ailələri üçün nəzərdə tutulan digər bir sıra imtiyaz və güzəştlərin tətbiqi də təmin ediləcək.
“Şəhid ailələinin sosial qayğılarının qarşılanması istiqamətində konkret proqramlar mövcuddur”
Millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Prezident İlham Əliyev şəhid ailələri, qaziləri daim diqqətdə saxlayır: “Onların sosial qayğılarının qarşılanması istiqamətində konkret proqramlar mövcuddur. Eyni zamanda, bu işlə bağlı dövlət büdcəsindən vəsait ayrılıb”.
Millət vəkilinin sözlərinə görə, dövlət tərəfindən şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər bir sıra istiqamətlərdə mühün addımlar atılır: “Prezident İlham Əliyevin müvafiq sərəncamı şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Eyni zamanda qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də çox mühüm addımlar atılır. Bu da onların öz sağlamlıqlarını bərpa etməsinə töhfə verir. Sosial-psixoloji xidmətlərin göstərilməsini də bu işlərə əlavə etmək olar”.
A.Hüseynov onu da bildirdi ki, şəhid ailələrinə, müharibə əlillərinə gündəlik diqqət və qayğı dövlətin ali məqsədidir: “Ölkəmizdə ərazi bütövlüyümüz uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev sosial cəhətdən qayğıya ehtiyacı olanların mənzil-məişət şəraitinin və onlarının rifahının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Bir sözlə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət başçımız bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdə davam edir”.
Günel CƏLİLOVA