Masallı rayonunun Ağa-kişi-bəyli kəndinin fəxri Ülvi Nizami oğlu Mehdiyev qalib ordunu qəhrəmandır. Belə ki, İkinci Qarabağ müharibəsində Talış-kənd, Suqovuşan, və Ağdərə istiqamətlərinin azadlığı uğrunda gedən döyüşlərdə əsl fədakarlıq göstəribdir. Qanlı müharibə meydanlarında ermənilərin çox sayda canlı qüvvəsini, texnikasını məhv edib. Vətənini şərəfini canından əziz tutan Ülvi Suqovuşan savaşında ayağından ağır yara alır. Qələbə sevinci ilə evinə dönən igid əsgər dövlət tərəfindən “Suqovuşanın azad olunmasına görə”, “Vətən Müharibəsi İştirakçısı” və “Cəsur döyüşçü” medallarına layiq görülür.
Vətən qarşısında xüsusi xidmətləri olan, qəhrəmanlığı ilə sevilən Ülvi Mehdiyev indi doğma kəndində ömrünün 22-ci baharını yaşayır. Burada hamı ona hörmətlə yanaşır, əziz bir adam kimi nüfuzunu uca tuturlar. Demək olar ki, hər gün evi qonaq-qaralı olur. Hər kəs öz qəhrəman oğlunun qayğıları ilə maraqlanır, lazımi vaxtda ona dayaq durur. Məktəblilər isə Ülvinin yanına Vətənini neçə sevməyi öyrənmək üçün gedirlər və onun kimi qəhrəman olmağı özünə şərəf bilirlər.
Bu günlər isə “Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi İkinci Qarabağ müharibəsi qazisi Ülvi Nizami oğlunu ziyarət ediblər. Hər iki tərəfin ürəyincə olan ziyarət zamanı Ülvinin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. O da bildirilib ki, qəhrəman oğulların timsalında Vətən sevgisi insanın qanından, canından gələn ana sevgisi qədər müqəddəsdir.
İgid döyüşçü öz növbəsində müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bölüşüb, Vətən müharibəsi başlandığı gündən etibarən şəxsi heyətin qələbəyə olan böyük inamından danışıb.
Bəli, Vətən müharibəsində qazanılan zəfərdə payı olan Ülvi kimi igidlər bir daha göstərdilər ki, həqiqətən Azərbaycan müdriklər beşiyi, qəhrəmanlar diyarıdır. Onlardan görüb-götürməyin özü bir həyat məktəbidir.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü