“Məktəblərin strukturuna yenidən baxılmalı və addımlar atılmalıdır”. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Qeyd edək ki, uzun müddətdir təhsil sistemində islahatların aparılacağı barədə müzakirələr gündəmə gəlsə də, bu, baş vermir. Maraqlıdır, yeni model, yeni sistem deyiləndə nə nəzərdə tutulur? Təhsilimizdə nələrin dəyişməsi vacib sayılır?
“Müasir standartlara cavab verən məktəb modellərinin yaradılması, dərs saatlarının daha da çoxaldılması nəzərdə tutulur”
Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, hazırda Azərbaycan Respublikasında yeni təhsil modeli üzərində çalışılır və bu istiqamətdə praktiki işlər aparılır. Onun sözlərinə görə, yeni təhsil modeli artıq bir neçə özəl təhsil müəssisində tətbiq olunub: “Müasir standartlara cavab verən məktəb modellərinin yaradılması, dərs saatlarının daha da çoxaldılması, günün birinci yarısında şagirdlərə müvafiq dərslərin keçirilməsi sonra isə onların əldə etdiyi biliyin tətbiqi ilə bağlı dərslərin keçirilməsi nəzərdə tutulur”.
E.Əfəndinin sözlərinə görə, dəyişikliklərdən biri də ondan ibarətdir ki, əvvəlki dövrlə müqayisədə indi şagird, müəllim və valideyn arasında daha sıx təmas olacaq: “Məlumdur ki, bəzi dövlət müəssisələri publik hüquqi şəxs status alıb. Onlar özü-özünə idarə etmə funksiyasını daşıyırlar”.
Ekspert onu da əlavə etdi ki, gələcəkdə yeni məktəb modeli əsasında internat tipli xüsusi təhsil müəssisələri də yaranacaq: “Danılmaz faktdır ki, təhsildə korrupsiya faktı hər zaman olub. Bunun kökünü kəsəcək nəzarət mexanizmi hələ tətbiq olunmayıb. Ancaq korrupsiyanın qarşısının alınması ilə bağlı müvafiq üsullardan istifadə olunur. Hazırda Elm və Təhsil nazirliyinin və aidiyyatı qurumların ümumi birgə işi ondan ibarətdir ki, məktəblərlə birgə fəaliyyət göstərəcək Valideyn Assosiasiyaları yaradılsın. Həmin Assosiasiyalar vasitəsilə məktəbə ediləcək ianələrlə rüşvətin qarşısı alınacaq”.
E.Əfəndi onu da bildirdi ki, növbəti illərdə yaş limitinin 5-ə qədər azaldılması və 12 illik təhsilin tətbiqi də mümkündür.
Günel CƏLİLOVA