Azərbaycanda 10 min müəllim MİQ-də iştirakdan imtina edib. “10.000 namizəd müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsində iştirak etməyib”. "AzEdu.az"ın yaydığı məlumata görə, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu-2022”də deyib.
“Qeydiyyatdan keçən müəllimlərin iştirak etməməsi təəssüf doğurur. Biz bunun səbəbini bilmirik, lakin bir neçə illərdir bu hal müşahidə edilir”, - deyə direktor bildirib.
Müəllimlər test imtahanı mərhələsindən niyə imtina edib? Səbəb nə ola bilər?
“...Bəziləri də bir növ keçirilən imtahanlara etiraz etmiş olur”
Tanınmış təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu hal səbəbsiz baş verməyib: “Müəllimlərin test imtahan mərhələsindən imtina etməsinin yeganə səbəbi o ola bilər ki, onlar vakansiyaya çıxarılan yerlərin sayının az olduğunu bilirlər, eyni zamanda da öz potensial imkanlarının az olduğunun fərqinə varırlar. İstisna hallarda bəziləri də bir növ keçirilən imtahanlara etiraz etmiş olur. Bu səbəbdən də onlar imtahana getmirlər”.
E.Əfəndinin sözlərinə görə, bəzən imtahana gecikmələr də olur, bu halda müəllimlər imtahan-müsabiqəyə buraxılmırlar, nəticə etibarı ilə onlar da ümumi say statistikasına daxil olurlar. “Qeyd edək ki, hər hansı bir namizəd ümumiyyətlə müsabiqədə iştirak edəcəyi ilə bağlı qeydiyyatdan keçirsə, əlbəttə, onun müsabiqədə iştirakı vacibdir. Amma təbii ki, kimsə imtahandan imtina edirsə onun öz səbəbi var, yaxud başqa səbəb mövcuddur. İmtahanda iştirak etmək həmin şəxslərin özündən asılıdır. Təxminən 50 min nəfər ümumi müsabiqədə iştirak edən vardı, vakansiyaya çıxarılan yerlərin sayı isə 9 minə yaxın idi. O vakant yerlərin də, əlbəttə, böyük əksəriyyəti bölgələrdə olur. Müəllimlər də bölgələrə getməməyi düşünürlər və bu zaman onlar müsabiqədə iştirak etmirlər”.
O vurğuladı ki, müəllimlər daha çox iş yerlərindən bölgələrdə olduğuna görə imtina edirlər.
İradə SARIYEVA