Vətən müharibəsində 44 günlük haqq savaşımızda xalqımıza qələbə sevincini yaşadan qəhrəmanlardan biri də Vüsal Kamran oğlu Kazımovdur. Qəhrəman Vətən sevdalısı Füzuli, Cəbrayıl, Xocavənd rayonların azadlığı uğrunda xüsusi şücaət göstərir. Şuşa döyüşlərində şəhid olur. Şərəfli ölümü onu bütün xalqının qürur yerinə çevirir. Baş leytenant ölümündən sonra "Vətən uğrunda", Xocavəndin və Füzulinin azad olmasına görə medallarına layiq görülür. Halal ailə ocağında Vətən üçün iki ləyaqətli övladı boya-başa çatır.
Vətənin qəhrəman şəhid oğlu Lənkəran rayonunun Yuxarı Nüvədi kəndindəndir. Orta məktəbdən sonra Lənkəran Dövlət Universitetinin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasını fərqlənmə ilə bitirir. Bir müddət Lənkəran şəhər Uşaq Poliklinikasının psixi sağlamlıq bölməsində müalicə bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində işləyir. 2017-ci ildən Lənkəran Dövlət Universitetinin qiyabi şöbəsində İqtisadiyyat və idarəetmə fakültəsinin "Mühasibat uçotu və audit" ixtisası üzrə təhsil alır. Təhsili ilə bərabər Lənkəran şəhər gənclər və idman idarəsinin nəzdində UGİM-in direktoru vəzifəsində çalışır.
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin könüllüləri, eləcə idarənin nəzdində fəaliyyət göstərən UGİM-in direktoru Vətən müharibəsi şəhidi Vüsal Kazımovun ailəsini ziyarət etdilər . Ziyarət zamanı onlar şəhidin atası Lənkəran Dövlət Universitetinin prorektoru, filologiya elmlər doktoru Kamran Kazımovla övladının keçdiyi şərəfli döyüş yolundan danışdılar. Onu da bildirdilər ki, Vüsal kimi qəhrəmanlar Vətənin fəxridirlər, onlar əbədi olaraq milyonların ürəyində yaşayırlar.
Ziyarətçilər tərəfindən qəhrəmanın ev-muzeyinə baxış da oldu .
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü