Şirinsu Lənkəranın böyük qəsəbəsi sayılır. Son illər burada əhalinin sayı xeyli artıb, yeni yaşayış evləri tikilib. Bu böyük qəsəbədə həlli olduqca vacib sosial məsələlər isə hələ də qalır. Əhalini daha çox narahat edən belə əsas problemlərdən biri qəsəbədən şəhər mərkəzinə gedib-gəlməkdir. Mərkəzə marşrut xətti işləmir, ara xidmətdən istifadə etmək isə sərnişinlərə çox baha başa gəlir. Daha doğrusu, indiki çətin vaxtda hər adamın buna gücü çatmır. Vəziyyəti rayonda xalqın başında duran səlahiyyət sahibləri yaxış bilirlər. Amma bir balaca özünü əziyyətə salıq içi yoluna qoymaq istəmirlər. Respublikamızın çox yerində olduğu kimi, cənub mirvarisi Lənkəran rayonunda da məmurları əhalinin yaşayış tərzi heç düşündürmür. Prezident tapşırır ki, “sizin vəzifəniz xalqa xidmət etməkdir”, onlar isə öz mənafeləri naminə insanlara yalan satmaqdan başqa bir iş görmürlər.
Mən qəsəbədə olanda əhalinin zəhmətə, doğma yurduna, dövlətinə, onun rəhbərinə olan məhəbbətə heyran kəsildim. Necə deyərlər, şirinsulular dedi-qodudan uzaq, həmişə xeyirxahlığa can atan, Vətəni, xalqı üçün çalışan insanlardır. Bu yurdun qəhrəman oğlu Əmrah Yusif oğlu Cəfərli Vətən müharibəsinin şəhididir. Təəssüf ki, rayon rəhbərliyi hələlik bu məsələdə onlara köməklik etmək istəmir. Amma sakinlər hər bir vətəndaşın qayğısına qalan dövlət başçısına güvənib tez bir zamanda Şirinsu qəsəbəsinin marşrut xətti ilə təmin olmasına inanırlar.
Bəli, Şirinsuda yerləşən təhsil ocaqlarında Lənkəran və Liman şəhərində yaşayan müəllimlər çalışırlar. Onlar da buraya gəlməkdə əziyyət çəkir. Universitetə, texnikumlara və kurslara gedən tələbələr məcbur qalıb taksi, eləcə yol maşınlardan istifadə edirlər... Sakinlər yaxın zamanda bütün bunların nəzərə alınacağına ümid edir.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü