Cənubun mirvarisi sayılan Lənkəranda da əhalini narahat edən problemlər çoxdur. Hətta rayonun mərkəzində, eləcə də qəsəbə və kəndlərində elə məsələlər var ki, rəhbərliyin verdiyi vədlərə görə çoxdan həllini tapmalı idi. Dövlətin həll olunduğu bildiyi problemlərdən də, təəssüf ki, Lənkəranda əziyyət çəkənlər var. Misal üçün, rayonun Girdəni-Havzava kəndarası avtomobil yolu bu qəbilədəndir. Yolun təmirinə çoxdan söz verilsə də, elə həmin yararsız yoldur ki, qalır. Özü də biganəlik üzündən hər gün yol dağılıb gedir. İndi orada hərəkət, maşınların vaxtından tez dağılması bir yana qalsın, insan həyatı üçün də böyük təhlükə yaradır.
Uzunluğu 8,5 kilometr olan yol sonuncu dəfə 15 il bundan əvvəl əsaslı təmir olunub. Hazırda dağılmış yolla son nəfəsdə ehtiyac duyulan təcili yardım kəndə gedə bilmir. Payız, qış aylarında uşaqlar dizə kimi palçıq içində dərsə gedirlər. Nə avtobus, nə taksi kəndin içinə işləmir. Vətəndaşlar deyir ki, vəziyyət çox acınacaqlıdır. Dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem öz həllini tapmayıb.
Hazırda odur ki, yerli rəhbərliyinə inanmayan camaat üzünü dövlətin rəhbərinə tutub ondan kömək istəyir. Bir də havzavalılar öz doğma yurduna bağlı olduğu kimi, dövlət rəhbərinə sədaqət göstərməklə ona ürəkdən inanır, xoşbəxt gələcəklərini də onun rəhbərliyi altında görürlər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü