Abituriyentlərin əksəriyyəti fərdi müəllim - repetitor yanına gedərək universitetə hazırlaşır. Repetitorlar bəzən abituriyentlərin məktəb müəllimləri, bəziləri isə soraqlaşıb kənardan tapdıqları şəxslər olur.
Bəzi şagirdlər iddia edirlər ki, məktəb müəllimlərinin təkidi ilə onların yanına hazırlığa gedirlər. Abituriyent universitetə hazırlaşdığını nəzərə alıb, qiymət yazdırmaq, dərslərdə iştirak etməmək üçün məcburiyyət qarşısında öz müəllimini seçməli olur. Ya da abituriyentlər 9-cu sinifdən etibarən köçkünlər üçün nəzərdə tutulan məktəblərə üz tuturlar. Valideynlər övladlarının hazırlıqlara rahat gedə bilməsi üçün onların adlarını "qaçqın məktəbi"nə yazdırırlar. Bu minvalla şagird ayağını məktəb binasına qoymadan, dərslərdə iştirak etmədən attestat alır. Təbii ki, müəyyən "şirinlik" müqabilində. "Şirinlik" məbləği məktəbə və tapılan tanışa görə dəyişir. Hələ bir neçə il əvvəl 500 manata başa gələn sövdələşmənin qiyməti bahalaşma fonunda 1000-1500 manata qədər artırılıb. Məqsəd uşaqların repetitor yanına daha rahat getməsini təmin etməkdir.
“Həmin məktəblərin rəsmi şəxsləri də müəyyən vəsait qarşılığında şagirdlərin dərsə gəlməməsinə göz yumurlar”
Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, son illər “qaçqın məktəbləri"nə kütləvi şagird axını yaşanır: “Valideynlər hazırlığa rahat gedə bilməsi üçün uşaqlarının adını həmin məktəbə yazdırır. Bunun da səbəbi məktəb təhsilinin valideynləri qane etməməsi, övladlarının sərbəst hazırlaşmasıdır. Uşaqların məktəbə getməməsi üçün də “qaçqın məktəbləri"nə üz tuturlar. Həmin məktəblərin rəsmi şəxsləri də müəyyən vəsait qarşılığında şagirdlərin dərsə gəlməməsinə göz yumurlar. Repitetorluq təhsilin bəlasına çevrilib. İbtidai sinifdə təhsil alan uşaqları da repetitor yanına göndərirlər. İbtidai təhsil nə qədər çətin proqramlar əsasında qurulur ki, burada repetitorlara ehtiyac qalsın? İbtidai təhsil təhsilin birinci, ən sadə pilləsidir. Düzdür, proqram çətindir, amma təhsilin sadə pilləsidir. Valideynlərə təlqin edirlər ki, yox, bunu məktəbdə çatdırmaq olmur, mütləq övladını hazırlığa göndərməlisən. Bütün bunlara son qoyulmalıdır".
Günel CƏLİLOVA