Son günlər Azərbaycanda daşıyıcı şirkətlərin sürətlə müflisləşdiyi ilə bağlı məlumatlar yayılır. Bu səbəbdən də bəzi daşıyıcı şirkətlər tabeliyində olan avtobusları satışa çıxarıb.
Bu yaxınlarda 19 sərnişindaşıma şirkətinin nümayəndələri Tarif Şurasına, İqtisadiyyat Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə avtobuslarda gediş haqqının artırılması ilə bağlı müraciət ünvanlayıb. Müraciətdə ictimai nəqliyyatda mövcud olan vahid tarif siyasəti ilə ölkədə və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yarandığı bildirilmişdi: “…Hazırda sərnişindaşımada mövcud olan gediş haqqı (30 qəpik) nəinki investisiya layihələri, hətta əməliyyat xərclərinin qarşılanması üçün yetərli deyil. Mövcud tarif daşıyıcı şirkətləri ciddi maliyyə itkiləri ilə üz-üzə qoyub, borclanmanı daha da artırıb”.
Bu səbəbdən də son günlər ictimai nəqliyyatda gediş haqqının artacağı ilə bağlı məlumatlar yayılır. Ehtimal edilir ki, qarşıdakı aylarda ictimai nəqliyyatda gediş haqqı artacaq.
Natiq Cəfərli: “Bakıda çalışan avtobusların böyük əksəriyyəti dövlət hesabına alınır deyə, bu avtobusların qiyməti gediş haqqına təsir etmir, özəl sektorda isə…”
Iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda, o cümlədən paytaxt Bakı şəhərinin nəqliyyat sisteminə yenidən baxışa ehtiyac var: “Həm respublika üzrə vahid kart sisteminin tətbiqinə, həm dövlət və özəl sektor münasibətlərinə. Bakıda çalışan avtobuslarının böyük əksəriyyəti dövlət hesabına alınır deyə, bu avtobusların qiyməti gediş haqqına təsir etmir. Özəl sektorda bir az fərqlidir. Amma özəl sektorla dövlət müəssisələri arasında münasibət, ümumiyyətlə, tariflərin müəyyənləşdirilməsi, maya dəyərinin hesablanması ilə bağlı şəffaf araşdırmaya ehtiyac var ki, bir sərnişinin daşınması neçəyə başa gəlir”.
Elməddin Muradov: “Ölkənin avtobus parkının köhnə olması, Azərbaycanda avtobus istehsal edilmədiyi nəzərə alınmadan belə addım atılması daşıyıcıların vəziyyətini daha da …”
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirdi ki, dövlət yaranmış vəziyyətə müdaxilə etməsə, yaxın vaxtlarda Bakıda ictimai nəqliyyatın işi tamamilə iflic olacaq. Daşıyıcı şirkətlər banklar qarşısındakı öhdəliklərini yerinə yetirə bilmirlər. Ona görə də çıxış yolunu avtobuslarını satıb borclarını ödəməkdə görürlər: "Daşıyıcıların vəziyyətinin pisləşməsi keyfiyyətsiz taksi xidmətinə rəvac verir. Daşıyıcı şirkətlərin bu problemi iki ildir davam edir. BNA vaxtilə gəlirli marşrutları müsabiqəyə çıxardaraq elə şərtlər qoyub ki, sıradan sahibkar o müsabiqə şərtini ödəyə bilməyib. Beləliklə "Bakubus" MMC müsabiqə şərtlərinə cavab verərək ən gəlirli xətlər üzrə qalib olub. Həmin vaxt "Bakubus" BNA-nın tabeliyində olduğundan, Agentlik öz mənafeyini güdüb. Hazırda BNA daşıyıcı şirkətlərlə müqaviləni üç aylıq bağlayır. Banklar isə bu müddət üçün daşıyıcıya kredit ayırmır. Marşrut xətlərinin qısamüddətli müqavilədə olması daşıyıcıların kredit götürmək imkanını məhdudlaşdırır. İki il öncə isə ölkəyə gətirilən avtobuslara rüsum artırıldı. Ölkənin avtobus parkının köhnə olması, Azərbaycanda avtobus istehsal edilmədiyi nəzərə alınmadan belə addım atılması daşıyıcıların vəziyyətini daha da pisləşdirdi. Rüsum az qala bir avtobusun qiyməti qədər qaldırıldı. Bütün bunlar daşıyıcıların onsuz da ağır olan vəziyyətini bir az da ağırlaşdırdı".
Günel CƏLİLOVA