Göyçay rayon Qaraxıdırlı kənd sakini İsrafilav Əlövsət Əjdər oğlu redaksiyamıza müraciət edib. Ə.İsrafilov bildirir ki, Qaraxıdırlı kənd bələdiyyəsinin sədri Qurban İbrahimovun fəaliyyətindən narazıdır. Şikayətçi iddia edir ki, adıçəkilən kəndin əksər sakinləri bələdiyyə sədrinin fəaliyyətində razı deyil.
Vətəndaşların iddiasına görə, Qaraxıdırlı kənd bələdiyyəsi bütün örüş yerlərini zəbt edib, əhali mal-qarasını otarmaq üçün yer tapa bilmir. Şikayətçi Ə.İsrafilov bildirir ki, kəndin yolları baxımsız vəziyyətdədir: “Uzun illərdir kənddə heç bir abadlıq işləri aparılmır, yaşıllaşdırma işləri həyata keçirilmir. Hazırda kəndin vəziyyəti ürəkaçan durumda deyil. Onu da deyim ki, bir neçə il əvvəl kəndə aqrar sektorun inkişafı üçün investisiya qoymaq üçün xarici şirkətlərin nümayəndələri gəldi. Ancaq bələdiyyə sədri xarici şirkət nümayəndələrinə lazımi şəraiti yaratmadı. Belə olan halda həmin xarici şirkət təmsilçiləri də kəndə vəsait ayırmadan buranı tərk etdilər”.
Şikayətçi qeyd edir ki, kənddə yaşanan məlum problemlərlə bağlı dəfələrlə rayon rəhbərliyinə də müraciət edib. Ancaq onun şikayətinə heç bir reaksiya verilməyib.
Ə.İsrafilov onu da iddia edir ki, Qaraxıdırlı kənd bələdiyyəsinin fəaliyyəti ilə bağlı yaxın zamanlarda Prezident Administrasiyasına müraciət etmək üçün Bakıya gələcək.
Səslənən iradlarla bağlı Qaraxıdırlı kənd bələdiyyəsi ilə əlaqə saxlamağa çalışdıq. Göyçay Rayon İcra Hakimiyyətinin veb saytında Qaraxıdırlı kənd bələdiyyəsinin sədri - İbrahimov Qurban İbrahim oğluna aid 050-371-26-68 nömrəsinə zəng etdik. Lakin nömrə bağlı olduğu üçün Q.İbrahimovla danışa bilmədik.
Qarşı tərəfin fikrini dərc etməyə hazırıq.
Əli TURABOV