Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bir sıra daşıyıcı şirkətlər istifadələrində olan nəqliyyat vasitələrini satışa çıxarıb. Bir neçə vacib marşrut xəttinin istismarçısı olan “Azland Plaza” MMC balansındakı 30-a yaxın müasir nəqliyyat vasitəsinin satışını elan edib. Artıq bu barədə elan saytlarında da məlumatlar yerləşdirilib.
Məlumata görə, Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” şirkəti də avtobuslarının bir hissəsini satışa çıxarmağa hazırlaşır. Şirkət mülkiyyətində olan 423 nəqliyyat vasitəsindən 191 ədəd “Daewoo” markalı avtobusun satılmasını planlaşdırır. Bir çox digər daşıyıcıların da mülkiyyətində olan nəqliyyat vasitələrini sataraq sektordan çıxmağa çalışdığı bildirilir. Belə ki, daşıyıcı şirkətlər hazırki şərtlər daxilində fəaliyyətlərinin böyük risq altında olduğunu, borclanmanın günbəgün artdığını və mövcud tarifin dəyişməyəcəyi, ictimai nəqliyyata dəstək verilməyəcəyi təqdirdə bu sektorun tamamilə məhv olacağını bildirir.
Xatırladaq ki, ötən il Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində “Bakubus”ın 200-ə yaxın avtobusunun tamamilə sıradan çıxdığı üzə çıxıb. Hazırda bu rəqəm 300-ə yaxınlaşmaqdadır.
Maraqlıdır, son zamanlar şirkətlər balanslarında olan avtobusları niyə satışa çıxarır? Şirkətlər müflisləşir, yoxsa başqa səbəblər var?
“Bəzi daşıyıcı şirkətlər bank qarşısında götürdüyü öhdəlikləri icra edə bilmədiyi üçün avtobusların sayını azaldaraq onları satışa çıxarır”
Sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirdi ki, daşıyıcı şirkətlərin tabeliyində olan avtobusları satışa çıxarmasının müxtəlif səbəbləri var: “İlk olaraq bildirim ki, şirkətlər zərərlə işlədiyi üçün avtobusları satışa çıxarır. Şirkətlər bəzi xətlərdən imtina etdiyi üçün həmin avtobuslar satışa çıxarılır. Həmçinin, daşıyıcı şirkətlər istifadəsində olan avtobus parkını yeniləmək üçün köhnə avtobusları satır. Texniki cəhətdən imkansız və müasir tələblərə cavab verməyən daşıyıcılar yenilərilə əvəzlənəcək”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bəzi daşıyıcı şirkətlər bank qarşısında götürdüyü öhdəlikləri icra edə bilmədiyi üçün avtobusların sayını azaldaraq onları satışa çıxarır.
Günel CƏLİLOVA