Ölkə prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna etdiyi dəyişikliyə əsasən, mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib.
Bu o deməkdir ki, MİS-lər əhalidən mənzil pulu yığa bilməzlər. Amma bəzi MİS-lər hələ də Sovet dövründən qalmış sistemlə çalışaraq, fəaliyyətlərini mənzil idarəçiliyi ilə bağlı müxtəlif istiqamətlərdə davam etdirirlər. Belə ki, 2022-ci il üçün mənzillərdən xidmət haqları yığan “JEK” əməkdaşları tariflərin artırıldığını elan ediblər. Suraxanı rayonu Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən “JEK” əməkdaşı illik ödənişin 10 manat artırıldığını bildirib. Bu azmış kimi, artımın 2020-2021-ci illərə də şamil olunduğunu diqqətə çatdırıb və əvvəlki iki ilin ödənişini də tələb edib. “JEK” əməkdaşı artımın pandemiya zamanı edildiyini, amma bunun narahatlıq doğurmaması üçün insanlara açıqlanmadığını deyib. Buna rəğmən, əvvəlki iki ilin də artımının ödənilməli olduğunu vurğulayıb.
Qeyd edək ki, 2009-cu ildə Mənzil Məcəlləsində mənzil fondunun idarə edilməsinə dəyişiklik olub. Mənzil İstismar Sahələri prosesindən kənarlaşdırılıb. Eyni zamanda, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna dəyişiklik edilib. Qanuna əsasən, mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib.
“Bu gün “JEK”lər fəaliyyət göstərsə də, əsas fəaliyyət növləri ləğv edilib”
Hüquqşunas Hüseyn Axundov qeyd etdi ki, bu gün “JEK”lər fəaliyyət göstərsə də, əsas fəaliyyət növləri ləğv edilib: “Nəticədə “JEK”lərin kommunal pulu yığması da qadağan olunub. Bu baxımdan “JEK”in ev sahibindən kommunal pulu tələb etməsi qanunsuzdur. Köhnə yaşayış binalarında “JEK”in ev sahibindən mətbəx, hamam otağı və eyvana görə pul tələb etməsi qanunvericilikdə yoxdur. “JEK”lər qanunsuz mənzil pulu tələb edirlər, bu düzgün deyil”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, insanlar bu qurumun fəaliyyətindən razı deyil. Eyni zamanda, qurum tərəfindən alınan yığımlar da daha keyfiyyətli xidmətlərin göstərilməsi üçün uyğun deyil. Sanki burada bir etibarsızlıq formalaşıb, insanlar quruma pul ödəmək istəmir, qurumlar da yığdığı pul qarşılığında normal xidmət göstərə bilmir: “JEK işçisinin tarifin artırılması ilə bağlı əlavə ödəniş tələb etməsi qanunsuzdur. Çünki tariflərin artması ilə bağlı faktiki olaraq qərar qəbul olunmayıb. Bunun tətbiq edilməsi qeyri-ciddi, özbaşına davranışdır. Tariflərin artırılması ilə bağlı qərar olmalı, bu qərarın qüvvəyə mindiyi tarix göstərilməlidir. Tariflər keçmişə doğru artırıla bilməz. Buna görə də vətəndaşlar ayıq-sayıq olmalıdırlar”.
Günel CƏLİLOVA