Dövlət İmtahan Mərkəzi tərəfindən 21 avqust tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçirilib. Lakin bir qrup iştirakçı imtahanın nəticələrindən narazıdır.
Belə ki, onlar iddia edir ki, imtahan suallarında səhv testlər mövcuddur. Bəzi iştirakçılar bildirib ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan zamanı bir neçə sualda səhv olub. Onlar bununla bağlı DİM-ə şikayət ediblər.
Bu narazılıqların əsası varmı? Doğrudanmı, sözügedən imtahanlarda test suallarında səhvlər olub? Olubsa hansı tədbirlər görülə bilər? O adamlar apelyasiya şikayəti veribmi?
İmtahan iştirakçılarının iddiaları ilə bağlı DİM-ə və ekspertə müraciət etdik.
Xanlar Xanlarzadə: “Hər hansı bir qərar komissiya üzvlərinin araşdırmalarının nəticəsinə əsasən qəbul olunacaq”
Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə “Bakı-Xəbər”ə açıqlamasında “imtahan nəticələri ilə bağlı, həmişə olduğu kimi, apelyasiya komissiyası yaradılıb. Ayın 25-dək müraciətlər qəbul olunub. İmtahanın məzmunu ilə bağlı müraciətlərə komissiyada baxılır. Hər hansı bir qərar komissiya üzvlərinin araşdırmalarının nəticəsinə əsasən qəbul olunacaq. Komissiya işini yekunlaşdırdıqdan sonra nəticələr barədə məlumat veriləcək”- deyə bildirdi.
Elçin Əfəndi: “DİM-in müxtəlif istiqamətlərdə keçirdiyi imtahanlarda hansısa texniki səhvlərin olması ehtimalı mümkündür”
Tanınmış təhsil eksperti Elçin Əfəndi isə bizimlə söhbətində bildirdi ki, Azərbaycanda bir qayda olaraq həmişə imtahan sonrası DİM-ə qarşı müxtəlif iddialar səsləndirilir. “DİM-in müxtəlif istiqamətlərdə keçirdiyi imtahanlarda hansısa texniki səhvlərin olması ehtimalı mümkündür. Amma bu o demək deyil ki, bütün imtahan sualları səhvdir, elmi cəhətdən doğru deyil. Dövlət İmtahan Mərkəzi 1 milyondan çox insan üçün imtahan keçirir və bu imtahanlarda da suallarda texniki səhvlərin çıxması mümkündür. Test suallarında səhv çıxırsa DİM imtahan iştirakçılarına kompromisə gedir. Məsələn, biz əvvəlki dövrə baxsaq, doktoranturaya keçirilən imtahanlarda texniki xətaya görə imtahan yenidən keçirildi. Burada həqiqətən də texniki xəta varsa DİM burada namizədlərin xeyrinə hansısa müsbət bir addım atar. Amma qaldı suallar səhvdir deyib edilən etirazlara, düşünürəm ki, bu konkret olaraq düzgün yanaşma deyil” .
E.Əfəndi qeyd edir ki, dövlət qulluğu imtahanları konkret sahələr üzrə keçirilir və bütün bunların hamısının da proqramları, test tapşırıqları var, bunları DİM də, dövlət qurumlarının saytları da verir. İştirakçıların əvvəlcədən o proqramla tanış olduğunu deyən ekspert qeyd etdi ki, bunlar nəticəsində imtahanda iştirak etmək mümkündür. “İmtahandan test tapşırıqlarında daha çox səhvlər var deyə namizədlərin şikayət etməsi bir növ qərəzli xarakter daşıyır. Əgər hər hansı bir namizəd hazırlıqlı şəkildə imtahanda iştirak edirsə, əlbəttə, onların imtahan sulları çətindir, səhvdir deməsi doğru deyil. İstisna halda hansısa namizəd elmi cəhətdən əsaslandırılmış formada sualın səhvliyini təsdiq edərsə, onunla bağlı əlində müvafiq sübut varsa apelyasiya komissiyasına müraciət edib məsələyə aydınlıq gətirə bilər”- deyə E.Əfəndi vurğuladı.
Leyla QARAXANLI