“Vaxtı ilə bu islahat keçiriləndə hər məktəbə bir psixoloq təyin olunub. Fərqi yoxdur, 500 şagirdi olan məktəbin də bir psixoloqu var, 4000 şagirdi olan məktəbin də”. Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib.
“Məktəblərdə psixoloji xidmətin mahiyyəti və mexanizmi dəyişməlidir ki, biz əməkhaqqı sisteminə də yenidən baxa bilək. İndiki mərhələdə bu, ayrı-ayrı adamların əməkhaqqı sualıdır. Amma məktəbin daxilindəki psixoloji keyfiyyətin artması sualı deyil. İkinci olmalıdır ki, birinci baş versin” - deyə elm və təhsil naziri bildirib.
Psixoloji xidmətin mahiyyəti və mexanizmi dəyişməlidir deməklə nazir nə demək istəyir? Mexanizmin dəyişməsi nə deməkdir?
“Qeyri-peşəkar psixoloqlar sistemdəki boşluqlar sayəsində bu sahəyə gəliblər”
Tanınmış təhsil eksperti Elşən Qafarov “Bakı-Xəbər”ə şərhində vurğuladı ki, Nazirlər Kabinetinin 27 fevral 2020-ci il 70 nömrəli qərarı ilə dövlət ümumtəhsil məktəblərində 1000 nəfərə qədər şagirdi olan məktəblərdə 1, 3000 şagirdi olan məktəblərdə 2, 3000-dən çox şagirdi olan məktəblərdə isə 3 psixoloq ştatı nəzərdə tutulub. “Ölkənin ümum orta və tam orta məktəblərində psixoloq ştatı müəyyən olunur. Burada psixoloqların dioqnostik qiymətləndirmədən gec keçirilməsi, keçirildikdən sonra əməkhaqqının artırılmaması nəticəsində psixoloqlara qarşı bir ögeyliyin, psixoloji işə qarşı bir soyuq münasibətin olduğunu görürük. Düşünürük ki, hazırkı vəziyyətdə məktəb psixoloqlarının ilk növbədə sertifikasiyası keçirilməlidir. Baza ixtisası psixoloq olmayan çoxlu müəllimlər var ki, ixtisas dəyişmə ilə, əlavə təhsil yolu ilə psixoloq vəzifəsinə gəliblər. Sadəcə olaraq onlar həmin ştatı tutmaq üçün bu işlə məşğuldurlar. Daha doğrusu, həmin ştatı tutmaq üçün əlavə psixoloq təhsili alıblar. Psixoloji işi qurmadan məktəbdə tədris və tərbiyə işini qurmaq mümkün deyil. Məktəb mühiti ilə, pedaqoji mühitlə tanış olan hər kəs bunu yaxşı bilir. Düşünürəm ki, bizim ümumtəhsil məktəblərində təlim-tərbiyə işinin qurulması ilə bağlı ilk növbədə psixoloji iş qurulmalıdır. Psixoloqların maaşı ən azından ortalama 1000 manatdan yuxarı olmalıdır, tədris işləri üzrə direktor müavinin maaşına yaxın olmalıdır. Peşəkarlar dəvət olunmalıdır və bu işə ciddi fikir verilməlidir. Amma o ki qaldı, məktəblərdə psixoloji iş zəifdir deyib, bunu bütün məktəblərə aid etməyə, bizim ümumtəhsil məktəblərimizdə kifayət qədər işini bilən, peşəkar psixoloqlar var. Öz işini bilməyən, qeyri-peşəkar psixoloqlar isə sistemdə olan boşluqlar nəticəsində bu sahəyə gəliblər”.
E.Qafarov hesab edir ki, bunların da sertifikatlaşdırılması lazımdır ki, son nəticədə hansılar uyğundur sistemdə qalsın: “Bu sahəyə diqqət ayrılmalıdır. Nə qədər ki, biz psixoloji işə diqqət ayırmayacağıq, ümumtəhsil məktəblərində düzgün təlim-tərbiyə prosesini qura bilməyəcəyik”.
İradə SARIYEVA