Masallı rayon Gənclər və İdman İdarəsinin, AFFA, Azad Futbol klubunun təşkilatçılığı və Bioloji Təbabət Klinikasının baş sponsorluğu sayəsində “Şəhidlər ölməz, Vətən bölünməz -2022” adlı mini-futbol turnirinin final oyunu keçirildi. Şəhid ailələri, müharibə veteranları, veteran futbolçuları, AFFA nümayəndələri, eləcə rayon ictimaiyyəti iştirak etdiyi oyunda əvvəlcə Vətən yolunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı və Dövlət Himni oxundu. Rayonun Viləş Mini stadionunda baş tutan final oyuna “Ərkivan” futbolçuları ilə “Şassi” komandası yaşıl meydançaya çıxdılar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunun hər iki hissəndə tabloya yazılan rəqəmlər “1-1” oldu. Əlavə vaxt təyin edildi. Əlavə vaxtda da hesab dəyişmədi. 7 metrlik cərimə zərbəsi vuruldu, “Şassi” komandası “Ərkivan” komandasını məğlub edərək turnirin qalibi oldu. Beləliklə çempion “Şassi” komandası birinci yer üçün ayrılmış 2000 manat pul mükafatını qazandı. Turnirin ikincisi “Ərkivan” komandasına 1000 manat verildi. Üçüncü mükafat isə “Göytəpə” komandasının oldu. Həm də qalib komandalara yarışda tutduqları yerlərə görə diplom və mükafatlar verildi.
Məlumat üçün bildirək ki, 12 komandanın iştirak etdi turnir 4 iyulda başlandı və 20 avqust final mərhələsi ilə başa çatdı. Oyunları AFFA tərəfindən rəsmi təyin olunmuş milli dərəcəli hakimləri Rəşad Aydınov və Xalid Quliyev idarə etdilər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü