Son bir neçə aydır ki, Bakı kəndlərinin sakinləri saxladığı mal-qaranı bazara çıxararaq dəyər-dəyməzinə satmağa başlayıb. Sakinlərin saxladığı mal-qaranı satmasına səbəb ot və yemin həddindən artıq bahalaşmasıdır. Yemin qiyməti günü-gündən qalxdığı üçün fermerlər mal-qara saxlamaqda maraqlı deyil. Bu da süd məhsulları istehsalının azalmasına və qiymətinə təsir edir.
Məlumat üçün qeyd edək ki, 2022-ci il iyul ayının 1-i vəziyyətinə ölkədə iribuynuzlu mal-qaranın sayı 2 milyon 654 min 474 baş olub. Ötən ilin müvafiq dövründə bu rəqəm 2 milyon 663 min 658 baş olmuşdu. Beləliklə, ölkəmizdə bu il ötən ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 0,3 faiz azalıb.
Ekspertlər bildirir ki, dünya bazarlarında da yemin qiymətində kifayət qədər bahalaşma var: "Son 1 ildə əsasən qarğıdalı, arpa və digər dənli bitkilərin qiymətində 40 faizə yaxın bahalaşma var. Bu, Azərbaycana təsirsiz ötüşmür. Ölkə daxilində yem istehsalçıları da qiymətləri qaldırır.
“Ötən il 2-3 manata olan yoncanın kipinin qiyməti 5-6 manat qalxıb, Bakıya həmin ot 8-10 manata gəlib çıxdığı üçün həmin qiymətə ot alıb heyvan bəsləmək heç kimə sərf etmir”
İqtisadçı ekspert Akif Nəsirli bildirdi ki, bu vəziyyət gözlənilən idi: “Hazırki vəziyyətin yaranmasına səbəb zərərvericilərin otun 60-70 faizini məhv etməsidir. Çünki bu il rayonlarda otun birinci və ikinci biçini zamanı yonca sahələrinə zərərvericilərin kütləvi hücumu olub. Bunun nəticəsində, demək olar ki, otun 60-70 faizi məhv olub. Fermerlər tərəfindən zərərvericilərə qarşı normal mübarizə tədbirləri də görülməyib. Otun sonrakı çalımları isə adətən zəif olur. Bu vəziyyət ona gətirib çıxarıb ki, ötən il 2-3 manata olan yoncanın kipinin qiyməti 5-6 manat qalxıb. Bakıya həmin ot 8-10 manata gəlib çıxacaq. Həmin qiymətə ot alıb heyvan bəsləmək heç kimə sərf etməz. Keçən il arpanın qiyməti 25-27 qəpik olsa da, indi 50-60 qəpiyə çatıb. Buğdanın qiyməti 30-35-dən 60-70 qəpiyə qalxıb. Yemin bahalaşması da heyvandarlıqla məşğul olmağı çətinləşdirib. Ona görə də əhali sərf etmədiyindən heyvan saxlamaqdan imtina etməli olur”.
Günel CƏLİLOVA