“İbtidai sözünü “p” ilə yazan müəllimin şagird qarşısına çıxması günahdır”. Bunu Elm və təhsil naziri Emin Əmrullayev avqustun 23-də keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, sertifikasiya imtahanı müəllimlərin yüklənməsi deyil: “Müəllimlər 5 ildə 2 saat imtahan verir və imtahanın nəticəsinə uyğun olaraq biz onların maaşını 10 və ya 35 faiz artırırq. Hesab edirəm ki, bu, yüklənmə və ya ədalətsizlik deyil. Əksər müəllimlərin burada heç bir problemi olmayacaq. Bu, müəllim sözünü “məllim”, qrup sözünü “qurup” kimi yazanlarla bağlı ola bilər. Sertifikasiyanın mahiyyəti həm də müəllimin həvəsləndirilməsidir, məqsədimiz müəllimləri yormaq deyil”.
Elm və təhsil nazirinin səsləndirdiyi məlum fikir əməlli-başlı səs-küyə səbəb olub. Maraqlıdır, bu cür müəllimlər məktəblərdə necə işləyir, eyni zamanda, həmin təhsil işçiləri haqqında niyə tədbir görülməyib?
“Sertifikasiya obyektiv və qanunvericiliyə uyğun formada keçirilərsə, bu sahədə müsbət nəticələr əldə olunar”
Təhsil eksperti Elşən Qafarov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkənin təhsil sistemində 152 müəllim çalışır. O müəllimlər arasında peşəkarlığı zəif və ümumiyyətlə təhsillə əlaqəsi olmayanlar da var: “Təhsili idarəetmə orqanlarında işləyənlərin, demək olar ki, əksəriyyətinin müəllimliklə əlaqəsi yoxdur. Yaxşı olar ki, cəmiyyət və cənab nazir bu məsələni diqqətdə saxlasın”.
Həmsöhbətimiz hesab edir ki, təhsillə bağlı fəaliyyət göstərən qurumlarda çox ciddi qüsurlar var. Sertifikasiya obyektiv və qanunvericiliyə uyğun formada keçirilərsə, bu sahədə müsbət nəticələr əldə olunar: “Sertifikasiyaya qarşı çıxanlar isə saxta yolla məktəbə ayaq açan və öz biliyinə güvənməyən, eləcə də islahatlara kölgə salan şəxslərdir. Saxta müəllimləri məktəbə buraxmaq olmaz. Onlarla ədalətli mübarizənin yeganə yolu sertifikasiyadan və diaqnostik qiymətləndirmədən keçir”.
Günel CƏLİLOVA