Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 8-ci, 11-ci və eskort müşayiət tağımının şəxsi heyəti tərəfindən son iki gecədə paytaxt ərazisində keçirilən reydlər zamanı 10 qadın sürücü saxlanılıb. Onların bəzilərində müvafiq sənədlər qaydasında olmasa da, əksəriyyəti avtomobili sərxoş vəziyyətdə idarə edənlərdir.
Avtosfer.az-a bu barədə məlumat verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, xanım sürücülər arasında sürət həddini aşanlar da olub: "Lakin nəqliyyat vasitəsini sərxoş halda idarə edən xanım sürücülər daha çoxluq təşkil edir. Onların bir neçəsi sərxoşluq müayinəsindən imtina edib. Lakin buna baxmayaraq, onların barəsində inzibati protokol tərtib olunub. Sərxoş halda avtomobil idarə etməklə sərxoşluq müayinəsindən boyun qaçırmağın cəriməsi eynidir".