İbrahim Rüstəmli: “Fikirləşirlər ki, gənclər orduya gedib xəstələnməkdənsə, “dedovşina”ya məruz qalmaqdansa, döyüş və...”
Nikol Paşinyanın Ermənistana rəhbərlik etdiyi dövrdə hərbi hissələrdə neqativ hallar artmaqdadır. Orduda əsgərlərin bir-birini odlu silahla öldürməsi halları tez-tez baş verir. Bütün bunlar xalqdan gizlədilir, ölənlərin və intihar edənlərin sayı barədə məlumat verilmir. Aparılan araşdırmalardan sonra məlum olub ki, 2018-ci ildə Ermənistan ordusunda 23 əsgər intihar edib. Ümumilikdə isə orduda ölən əsgərlərin sayı 80-ə çatıb.
Erməni hüquq müdafiəçilərinin fikrincə, valideynlər tərəfindən daxil olan şikayətlərin əksəriyyətini komandirlərin sıravi heyət üzərində zorakılıq hallarının olması, əsgərlərin alçaldılması və döyülməsi faktları təşkil edir. Bu səbəblərə görə də valideynlər bütün vasitələrlə övladlarını hərbi xidmətdən yayındırır, müxtəlif bəhanələrlə ölkədən çıxarırlar. Statistik məlumatlar da təsdiqləyir ki, son illər ölkəni tərk edənlər arasında gənclər çoxluq təşkil edir. Onların əksəriyyəti hərbi xidmətdən açıq şəkildə imtina edir. Hazırda Ermənistanda hərbi xidmətdən yayınan gənclərin sayı 11 mindən çoxdur. Bununla belə, 27-35 yaşarası 3225 vətəndaşın orduda xidmətdən yayındığına görə axtarışda olduğu deyilir. Ermənistan qanunvericiliyinə görə, həqiqi hərbi xidmət keçməyən, lakin yaşı 27-yə çatan vətəndaşlar cinayət məsuliyyətindən qaçmaq üçün 1,8 milyon dram (təqribən 3700 ABŞ dolları) məbləğində cərimə ödəməlidirlər. Əks təqdirdə onlar həbs edilirlər. Ermənistanda iqtisadiyyat bərbad gündə olduğu üçün, ordudan yayınanların bir çoxunun belə imkanı yoxdur.
Bu arada o da məlum olub ki, Ermənistanda gənclər ordudan yayınmaq üçün özlərini gey kimi təqdim edirlər. Sözügedən metodla hərbi çağırışdan yayınırlar. Məlumata görə, çağırışçılar arasında geylər və buna meyl artır. Sözügedən vasitələrlə ordudan yayınıb xaricə gedirlər. Bu bir daha Ermənistanda orduya gənclərin marağının olmamasını göstərir. Çox güman ki, belə halların sayı daha da artacaq.
Ermənistanda baş verən bütün bunları ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli Ermənistanda hərbi çağrışla bağlı yaşanan deqradasiyanı bir sıra faktorlarla əlaqələndirdi: “Ermənistanda orduya çağırış problemi daim aktual olub. Elə çağırış kampaniyaları olub ki, hətta bir nəfər belə tapa bilməyiblər. Bunun müxtəlif səbəbləri var. Bunun ən başlıca səbəbi onunla bağlıdır ki, erməni gəncləri Qarabağla bağlı məsələyə özlərinin milli problemi, maraqları kimi baxmırlar. Yəni Qarabağda gedən döyüşlər, ermənilərin verdikləri itkilər və sair - bütün bunlar əvvəlki ideoloji statusunu itirib. Ona görə də hərbi çağırışa maraq çox aşağıdır. Gənclərin çox az bir qismini çağırışa cəlb edə bilirlər. Ermənistan ordusunda zaman-zaman homoseksuallıq və geyliklə bağlı problemlər olub. Bu kimi əxlaqa zidd hərəkətlər yeni deyil. Ancaq müşahidələr göstərir ki, Ermənistanda çağırışçılar get-gedə geyliyə daha çox meyl göstərməklə ordudan yayınmaq yolunu tutublar. Görünür, bu cür yollarla çağırışdan yayınmaq və xaricə getmək onlar üçün daha uyğundur. Bu həm də erməni gənclərinin deqradasiyaya uğramasından xəbər verir. Bir məqamı da nəzərə almaq lazımdır ki, İrəvan erməniləri Qarabağdakı ermənilərə ikinci sort kimi baxırlar. Onların hərəkətlərindən belə çıxır ki, onlara Qarabağ lazım deyil. Yəni Ermənistan cəmiyyətinin müəyyən bir kəsimini ideoloji cəhətdən Qarabağa heç nə bağlamır. Bütün bunların nəticəsidir ki, erməni gəncləri müxtəlif vasitələrlə ordudan yayınırlar. Digər səbəb ondan ibarətdir ki, Ermənistanda sosial-iqtisadi vəziyyət bu gün çox aşağı səviyyədədir. Qarnı ac olan insanlar Qarabağ yükünü daşımaq istəmirlər. Paşinyan ötən 1 ilə yaxın dövrdə iqtisadi sahədə hansısa dönüşə nail ola bilməyib. Erməni cəmiyyəti də bunun fərqindədir. Fikirləşirlər ki, gənclər orduya gedib xəstələnməkdənsə, “dedovşina”ya məruz qalmaqdansa, döyüş və qeyri-döyüş şəraitində ölməkdənsə, çağırışdan yayınmaları daha məqbuldur. Ona görə də bununla bağlı bütün vasitələrdən istifadə edilir. Düşünürəm ki, Ermənistanda hərbi çağırış kampaniyası ilə bağlı yaşanan problemlər bundan sonra daha da dərinləşəcək”.
Vidadi ORDAHALLI