Fazil Mustafa: “Çox güman ki, Paşinyanın edəcəyi çıxışa da reaksiyalar olacaq”
Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası başlayıb. Sessiyada Ermənistan nümayəndə heyəti də iştirak edir.
Bu arada məlum olub ki, aprelin 11-də Ermənistan baş naziri Nikol Paşinyan AŞPA-da ksenofobiya və dözümsüzlüklə mübarizədə siyasi liderlərin roluna həsr olunmuş iclasda çıxış edəcək. Məlumata görə, Paşinyanın çıxışı Azərbaycana qarşı tənqid üzərində qurulacaq. Ermənistan baş naziri sözügedən məsələdə Azərbaycanı tənqid etməyə çalışacaq. Çox güman ki, Paşinyan bununla bağlı bir sıra əsassız fikirlər səsləndirəcək. Bir sözlə, Azərbaycan barədə mənfi rəy yaratmağa çalışacaq.
Əslində, belə hallar birinci dəfə deyil baş verir. Ermənistan tərəfi müxtəlif beynəlxalq tədbirlərdə tribunanın yaratdığı imkanlardan sui-istifadə edərək Azərbaycanın ünvanına qərəzli fikirlər səsləndirib. Elə AŞPA-nın timsalında bir neçə dəfə ermənilərin Azərbaycana yönəlik mənfur xarakterli çıxışları az olmayıb. Ancaq o da bir həqiqətdir ki, Azərbaycanı AŞPA-da təmsil edən deputatlar dəfələrlə Ermənistanı ifşa ediblər. Bu ölkənin apardığı işğalçılıq siyasətini faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırıblar. Bununla bağlı bir sıra tutarlı arqumentlər ortaya qoyublar. Reallıq ondan ibarətdir ki, Ermənistan baş nazirinin ksenofobiyadan danışmağa haqqı yoxdur. Çünki Ermənistan monoetnik dövlətdir. Ölkədəki bütün digər millətlər Ermənistanı tərk ediblər.
Bütün bunlarla yanaşı, Azərbaycanı AŞPA-da təmsil edən deputatlar Paşinyanın sözügedən mövzuda çıxış edəcəyindən xəbərdardırlarmı? Bununla bağlı adekvat çıxışlar olacaqmı?
Sözügedən deputatlar Strasburqda olduqları üçün, onların fikrini öyrənə bilməsək də, digər millət vəkillərinin münasibətini öyrəndik.
Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafanın sözlərinə görə, o, Paşinyanın sözügedən mövzuda çıxış edəcəyindən məlumatsızdır. Ancaq onun fikrincə, hər halda, belə hal yaşansa, Azərbaycanı AŞPA-da təmsil edən deputatlar mövqe ortaya qoyacaqlar: “Azərbaycanı təmsil edən deputatlar Strasburqdadırlar. Onlar ermənilərin hər hansı addımını cavabsız qoymurlar. Digər tərəfdən, təbliğat nöqteyi-nəzərdən də ciddi işlər görürlər. Çox güman ki, Paşinyanın edəcəyi çıxışa da reaksiyalar olacaq. Ancaq bununla bağlı konkret hansı addımların atılacağı barədə məlumatım yoxdur. Bütüövlükdə, Azərbaycanı təmsil edən deputatlar ölkənin maraqlarını qorumaq üçün sistemli mübarizə aparırlar. Ermənilərin Azərbaycana qarşı fəaliyyətinə, təxribatlarına qarşı ciddi fəaliyyət göstərirlər. Dəfələrlə biz bunu müxtəlif beynəlxalq tribunalarda maşahidə etmişik. Azərbaycanı təmsil edən deputatlar ölkə maraqlarının qorunması ilə bağlı mövqe ortaya qoyublar. Ancaq bir daha qeyd edim ki, Paşinyanın çıxışı ilə bağlı necə mövqe sərgilənəcəyi ilə əlaqədar konkret məlumatım yoxdur”.
Vidadi ORDAHALLI