Qabil Hüseynli: “Bu qərəzli məlumatın alman nəşrinə haradan sızması…”
Bu günlərdə bəzi kütləvi informasiya vasitələrində yayılan “Azərbaycan NATO-ya üzv ölkələr üçün öz ərazisindən keçən dəhlizi bağlayır” ifadəsinin həqiqətə uyğun olmaması Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən bildirildi.
Məlumatda qeyd edilib ki, Azərbaycan dəhliz mənasında heç kimə, o cümlədən NATO-ya hər hansı ərazisini vermir: "Burada söhbət NATO-nun Əfqanıstanda həyata keçirdiyi və Azərbaycanın da iştirakçısı olduğu “Qətiyyətli dəstək” missiyasının üzvlərinə ölkə ərazisindən, o cümlədən quru, hava və su məkanından sözügedən missiya çərçivəsində müvafiq yük daşımalarının həyata keçirilməsi üçün müvafiq imkanın təmin edilməsindən gedir. Belə bir təcrübə 2001-ci ildən mövcuddur. Bu imkanların təmin olunması üçün NATO-ya üzv ölkələrin müvafiq uçuş icazələrinin əldə edilməsi müraciətləri ikitərəfli əsaslarda nəzərdən keçirilir. Sözügedən müraciətlərə Azərbaycan tərəfinin müvafiq qayda və prosedurlarına uyğun olaraq, eləcə də tərəfdaşlığın təməlini təşkil edən dövlətlərin bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə hörmət və əməkdaşlıq prinsipləri əsasında baxılır…”.
Ən maraqlısı isə budur ki, bizim XİN-in məlumatında bu dezinformasiyanın NATO üzvü olan Almaniya mediası tərəfindən dövriyyəyə buraxıldığı qeyd olunur: “…Bununla yanaşı, son günlər Almaniya mətbuatına sızılmış məlumatlar və ittihamlar anlaşılmazlıq yaratmaqla yanaşı, kiminsə qərəzliliyindən xəbər verir. Əsassız ittihamları özündə əks etdirən bu məlumatlar konkret faktlara əsaslanmır. Bir daha bildiririk ki, Azərbaycan müvafiq tərəfdaşlıq prinsipləri əsasında və beynəlxalq hüququn normalarına uyğun olaraq, NATO üzvü ölkələrlə əməkdaşlıq edib, hazırda edir və gələcəkdə də bu əməkdaşlığı davam etdirməyə hazırdır. Almaniya KİV-ə sızılmış məlumata istinadən müşahidə etdiyimiz uydurma kampaniya yanlışdır və Azərbaycan haqlı olaraq gözləyir ki, Almaniya hökuməti müvafiq şəkildə özü bu məsələni cavablandıracaq. Azərbaycan NATO üzvü ölkələrinin müraciətlərinə bundan sonra da müvafiq şəkildə baxmağa davam edəcək".
Belə olan təqdirdə maraqlı mənzərə yaranır. Fəal NATO ölkəsi olan Almaniyadakı bəzi dairələr niyə Azərbaycanın Alyansla münasibətlərini korlamaqda maraqlı olsunlar? Bununla iddia etmək olarmı ki, Avropa ölkələrinin özündə belə, Azərbaycanın NATO ilə münasibətlərinə xələl gətirməkdə maraqlı olan qüvvələr var?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, belə qüvvələr həqiqətən var: “Bu bizi təəssüfləndirir. Xüsusilə də belə dezinformasiyanın mənbəyi NATO ölkəsi olanda adam heyrətlənir. Ola bilər ki, bu tip dezinformasiya erməni diasporu tərəfindən də alman nəşrinə sızdırılıb. Yəni bu, Almaniyanın rəsmi mövqeyi olmasa da, hər halda, məsuliyyət yarada bilir. Əfqanıstandakı NATO qüvvələrinə yüklərin 80 faizi Azərbaycan üzərindən daşınır. Əvvəllər Rusiya və Qırğızıstan vasitəsilə də daşınırdı. Sonra Rusiya bundan imtina etdi. Hazırda bununla bağlı böyük yük bizim üzərimizə düşür. Bir çox yük elə Almaniyanın özündən təyyarə ilə “Nasosnı”ya gətirilir. Oradan gəmilər vasitəsilə Aktauya aparılır. Oradan isə yenə təyyarə ilə Əfqanıstana göndərilir. Hazırda isə bunun üçün Azərbaycan vasitəsilə yeni marşrut üzrə göndərilməsi razılığına gəlinib. Türkiyəyə gətirilən yüklər oradan dəmir yolu vasitəsilə Ələt limanına gətiriləcək, oradan isə Türkmənbaşıya aparılacaq. Bu xətt artıq baş tutub. Aktaunu Türkmənbaşı ilə dəyişmək məsafəni təqribən iki dəfə azaldacaq. Bu həm də NATO üçün ucuz başa gələcək. Hərtərəfli NATO-ya sərf edəcək, daha doğrusu, məsrəfləri 3 dəfə aşağı salacaq. Məhz belə bir vaxtda NATO - Azərbaycan əməkdaşlığına xələl gətirmək istəyi ancaq təxribat ola bilər. Mənə elə gəlir ki, bu qərəzli məlumatın alman nəşrinə haradan sızması ilə maraqlanmaqda Almaniya hökumətinin özü də maraqlı olmalıdır. Mən şəxsən buna söz tapa bilmirəm. Çünki Azərbaycan bu işi 10 ildən çoxdur həyata keçirir. Hər il 120 əsgərini NATO kontingenti tərkibində Əfqanıstanda qulluğa göndərir. Bunların hamısı boş və mənasız sözlərdir. Həmin dərgi mütləq mənada təkzib verib, Azərbaycandan üzr istəməlidir. NATO-nun bu yaxınlarda keçirilən sessiyasında qurumun baş katibi Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini dedisə, deməli, belə təxribatlar baş tutan deyil”.
Məhəmmədəli QƏRİBLİ