Seyid Camal Əzimbəyli: “Belə yaxınlaşma kursu, bütövlükdə, müsəlman birliyinə kölgə sala bilər”
İordaniya Haşimilər Krallığının Ölü dənizi sahilindəki bölgəsində Yaxın Şərq və Şimali Afrikaya dair X Dünya İqtisadi Forumu keçirilib. İordaniya Haşimilər Krallığının Kralı II Abdullanın himayəsi altında keçirilən forumda yüksək səviyyəli dövlət və hökumət başçıları, alimlər, vətəndaş cəmiyyətləri və aparıcı şirkətlərin rəhbərləri iştirak ediblər.
Forum çərçivəsində Yaxın Şərq və Şimali Afrika regionları ölkələrinin inkişafı, onların arasında əməkdaşlığın genişlənməsi, dövlət və özəl iqtisadi sektorlar arasında qarşılıqlı fəaliyyətin möhkəmlənməsi, əlverişli investisiya mühitinin yaradılması perspektivləri, habelə bu ölkələrin iqtisadiyyatlarının daha sıx inteqrasiya imkanlarının yaradılmasına imkan verən digər məsələlər müzakirə olunub.
Maraqlıdır ki, sözügedən tədbirə Ermənistan da dəvət olunub. Rəsmi səviyyədə Ermənistanı təmsil edən nümayəndə forumda iştirak edib. Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin yeni təyin olunmuş səfiri Məhəmməd İsa Zaabı qəbul edib. Paşinyan Ermənistanla BƏƏ arasındakı əlaqələrin davamlı inkişafının vacibliyini vurğulayıb. O qeyd edib ki, son vaxtlar iki ölkə arasında iqtisadi əməkdaşlıq əhəmiyyətli dərəcədə intensivləşib. Biznes əlaqələrinə yeni təkan vermək üçün yaxşı imkanlar var. Paşinyan Ermənistan və BƏƏ arasında turizm sahəsindəki əməkdaşlıqdan məmnun olduğunu bildirib. Hətta Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı balanslaşdırılmış mövqeyə görə BƏƏ hökumətinə təşəkkür edib.
Ümumiyyətlə, bir sıra ərəb ölkələrinin Ermənistana göstərdikləri bu yaxınlıq anlaşılan deyil. Bundan əvvəl Livan və Suriya Ermənistanla xüsusi isti münasibətlər qurmuşdular və indi də tərəflər arasında münasibətlər yüksək səviyyədədir. İndi isə İordaniya ilə BƏƏ Ermənistana belə xüsusi diqqət göstərir. Dəfələrlə Azərbaycan bəyan edib ki, Ermənistanın müsəlman ölkələrinə, islam mədəniyyətinə göstərdiyi münasibət səmimi deyil. İşğal olunmuş Azərbaycan ərazilərində islam abidələri, məscidlər və islam irsinə aid olan nə varsa erməni vandalları tərəfindən məhv edilib. Ermənilər Qarabağda məscidlərdə donuz bəsləyirlər. Dəfələrlə bununla bağlı istər Azərbaycanda, istərsə də digər ölkələrdə keçirilən tədbirlərdə məlumat verilib. Ancaq, nədənsə, bir sıra ərəb ölkələri bunu görmək istəmirlər. Bütün bunları ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, ərəb ölkələrinin Ermənistana göstərdikləri belə yaxınlıq islam həmrəyliyinə ziddir: “Nə edək ki, belə xoşagəlməz vəziyyətin qarşısını almaq olmur. Bəzi ərəb ölkələrinin Ermənistanla yaxınlaşma kursu götürməsi, bütövlükdə, müsəlman birliyinə kölgə sala bilər. Yaxın Şərq ölkələrində erməni lobbisi çox aktiv fəaliyyət göstərir. Digər tərəfdən, bəzi müsəlman ölkələri Ermənistanın işğalçılıq siyasətini görməzdən gəlirlər. Nəticədə belə xoşagəlməz mənzərə yaranır. Sirr deyil ki, bəzi ərəb ölkələrində emənilər yaşayır və müxtəlif sahələrdə aktivdirlər. Ancaq bu əsas vermir ki, müsəlman ölkələri Ermənistanla xüsusi yaxınlıq göstərsinlər. Ən azından, Ərəb dünyası İslam Konfransı Təşkilatının Dağlıq Qarabağla bağlı mövqeyini nəzərə almalıdır. Hansı ki, sözügedən qurum birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın işğalçı siyasəti üzündən islam irsinə divan tutulub. Belə olan halda, hansı əsasla Ermənistanla münasibətlərdə yaxınlaşma kursu götürülür? Ona görə də bəzi ərəb ölkələrinin Ermənistana göstərdikləri diqqət yalnız təəssüf doğurur”.
Vidadi ORDAHALLI